“UniCredit” kriptovalyuta bazarına girməyə hazırlaşır

İtaliyanın bankı “UniCredit” rəqəmsal aktivlər üzrə xidmətlərini genişləndirməyi, o cümlədən kriptovalyutaların saxlanması və alqı-satqısı imkanlarını yaratmağı nəzərdən keçirir. Banker.az bunu Bloomberg agentliyinə istinadla xəbər verir.

Məsələ ilə tanış mənbələrin sözlərinə görə, bank hazırda rəqəmsal aktivlərin saxlanılması və onların alınıb-satılmasını təmin edəcək infrastrukturun qurulmasına imkan verən texnologiya təchizatçısını seçir. Mənbələr məlumatların məxfi olması səbəbindən adlarının açıqlanmasını istəməyiblər.

Bankın sözügedən texnologiya vasitəsilə hansı məhsul və xidmətləri təqdim edəcəyi ilə bağlı müzakirələr hələ ilkin mərhələdədir və yekun qərar qəbul edilməyib. Müzakirə olunan istiqamətlərə tokenləşdirilmiş investisiya məhsulları və borc qiymətli kağızlarının hazırlanması, müştərilərin stabilkoinlərdən istifadəsi, həmçinin kriptovalyutalara çıxış imkanının yaradılması daxildir.

“UniCredit”in sözçüsü məsələyə münasibət bildirməkdən imtina edib.

“UniCredit”in bu addımı Avropada maliyyə qurumlarının rəqəmsal aktivlər bazarında daha böyük rol oynamağa hazırlaşdığını göstərən son nümunədir. Qaydaların maliyyə şirkətlərinin bu sektorda necə fəaliyyət göstərə biləcəyi ilə bağlı daha aydın çərçivə yaratması bankların marağını artırır. Avropa İttifaqının Kriptovalyuta Aktivləri üzrə Bazarlar (MiCA) tənzimləməsi blok daxilində ənənəvi bankların sektora marağını gücləndirib. ABŞ-da isə prezident Donald Trampın kriptovalyutalara müsbət yanaşması bankların rəqəmsal aktivlərdə iştirakını artırmasına təkan verib.

ABŞ-ın bankı “JPMorgan” da institusional müştərilər üçün kriptovalyuta ticarətini nəzərdən keçirir.

“UniCredit” indiyədək əsas diqqətini peşəkar investorlar və korporativ müştərilərə yönəldib. Bank bu ilin əvvəlində peşəkar müştərilərinə ABŞ-ın investisiya şirkəti “BlackRock” tərəfindən idarə olunan iShares Bitcoin Trust ETF-ə bağlı strukturlaşdırılmış məhsul təqdim edib. Ötən ilin sonunda isə İtaliyada açıq blokçeyn üzərində ilk tokenləşdirilmiş mini-istiqrazını buraxıb. Tokenləşdirmə ənənəvi aktivlərin blokçeyn şəbəkələrindən istifadə edilməklə buraxılması və ötürülməsi prosesidir.

“UniCredit” avro ilə denominasiya olunmuş stabilkoin buraxmaq üçün bir qrup Avropa bankının yaratdığı “Qivalis” şirkətinin təsisçiləri arasında da yer alıb. Bank bu həftə rəqəmsal kapital bazarları üzrə imkanlarını genişləndirmək məqsədilə Almaniyanın kredit bazarları platforması “VC Trade”də azlıq payı əldə etdiyini açıqlayıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər