Azərbaycan qazının əsas bazarında qiymətlər “od tutub yanır”

Avropada təbii qazın qiyməti son iki ayda kəskin yüksələrək 1 000 kub-metr üçün 1 000 dollar həddinə yaxınlaşıb, bəzi sessiyalarda isə bu səviyyəni keçib. Niderlandın TTF qaz habında son qiymətlər 1 meqavat-saat üçün təxminən 80 avro ətrafında dəyişir ki, bu da hazırkı məzənnə ilə 1 000 kubmetr üçün təxminən 970 dollar deməkdir.

Banker.az xəbər verir ki, iyulun ortalarında TTF-də qazın qiyməti 1 meqavat-saat üçün təxminən 51 avro idi. Beləliklə, son iki ayda Avropa qazı təxminən 55% bahalaşıb. Son həftələrdə qiymətin 83 avro/MWh-i keçdiyi sessiyalarda isə 1 000 kubmetrin bazar dəyəri 1 000 dollardan yuxarı qalxıb. Bu 2022-ci ilin noyabrından bbu tərəfə maksimaldır.

Qiymət artımının əsas səbəbləri Yaxın Şərqdən mayeləşdirilmiş təbii qazın tədarükündə yaranan problemlər, Avropa anbarlarında ehtiyatların əvvəlki illərlə müqayisədə aşağı olması və Asiya ilə LNG uğrunda rəqabətin güclənməsidir. Qış mövsümünün yaxınlaşması da bazarda risk mükafatını artırır.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan 2026-cı ilin yanvar–iyul aylarında 14,43 milyard kubmetr təbii qaz ixrac edib. İxracın dəyəri 4,882 milyard dollar olub. Ötən ilin eyni dövründə 14,41 milyard kubmetr qazın ixracından 5,27 milyard dollar əldə edilmişdi.

Beləliklə, qaz ixracının fiziki həcmi illik müqayisədə cəmi 0,1% artdığı halda, ixrac gəlirləri 7,3% azalıb. Hesablamalara görə, Azərbaycanın ixrac etdiyi qazın orta statistik qiyməti 2025-ci ilin ilk 7 ayında 1 000 kubmetr üçün 366 dollar olduğu halda, bu ilin eyni dövründə 338 dollara düşüb.

Energetika Nazirliyinin məlumatına görə, Azərbaycan 2026-cı ilin ilk yarısında 25,4 milyard kubmetr qaz hasil edib. Bu, ötən ilin eyni dövründən 0,8% çoxdur. Eyni zamanda ölkənin ümumi qaz ixracı 5% artaraq 12,7 milyard kubmetrə çatsa da, Avropaya tədarük 3,3% azalaraq 5,9 milyard kubmetr olub.

Hazırkı TTF qiymətləri ilə 1 milyard kubmetr qazın nəzəri spot bazar dəyəri təxminən 1 milyard dollara yaxınlaşır.

Bir sıra təşkilatlar hesab edir ki, Yaxın Şərqdə davam edən geosiyasi gərginlik və Hörmüz boğazında gəmiçiliklə bağlı risklər neft ixrac edən Azərbaycan və Qazaxıstan üçün əlavə gəlir imkanları yarada bilər. “Moody’s” beynəlxalq reytinq agentliyinin qiymətləndirməsinə görə, enerji qiymətlərinin yüksəlməsi bu ölkələrin ixrac gəlirlərini artırır, dövlət maliyyəsini gücləndirir və iqtisadi inkişaf proqramlarına əlavə dəstək verir.

Agentlik hesab edir ki, neft-qaz şirkətlərinin gəlirlərinin və likvidliyinin artması iqtisadi fəallığa da müsbət təsir göstərə bilər. Eyni zamanda, Hörmüz boğazındakı risklər alternativ enerji və ticarət marşrutlarının, xüsusilə Xəzər regionu və Cənubi Qafqazdan keçən Orta Dəhlizin əhəmiyyətini artırır. “Moody’s” Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun qlobal ticarət axınlarının yenidən istiqamətlənməsindən faydalandığını, bunun Azərbaycan və Qazaxıstanın tranzit və logistika imkanlarını genişləndirə biləcəyini bildirir. Bununla yanaşı, agentlik infrastruktur məhdudiyyətləri, böyük investisiya ehtiyacı, layihələrin icrası və borc yükünün artmasını əsas risklər sırasında göstərir, enerji və digər əmtəələrin bahalaşmasının isə regionda inflyasiyanı yüksəldərək faiz dərəcələrinin və borclanma xərclərinin uzun müddət yüksək qalmasına səbəb ola biləcəyini qeyd edir.

Azərbaycanın ixracında əsas paya sahib olan xam neftin ixracında hasilatla əlaqəli olaraq azalma baş versə də, milli neft markamız xeyli dəyər qazanıb. Ötən həftə Azeri Light markalı xam neftin bir bareli spot qiyməti 120 dollar-barel olmuşdu. Əlavə olaraq Azərbaycan neftinə tələbin yüksəlməsi Azeri Light ilə beynəlxalq bençmar Brent nefti arasındakı spredi yüksəldib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər