“AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər

®“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində “Kyrgyzaltyn” ASC-nin İdarə Heyətinin sədri Kubat Abdraimov ilə görüş keçirilib.

Bişkek şəhərində keçirilən görüşdə “AzerGold” QSC ilə “Kyrgyzaltyn” ASC arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında 31 iyul 2026-cı il tarixində Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilmiş Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının üçüncü iclası çərçivəsində, hər iki ölkənin dövlət başçılarının iştirakı ilə imzalanmış Memorandumdan irəli gələn məsələlər, dağ-mədən sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və potensial birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Zakir İbrahimov dövlət başçılarının liderliyi və siyasi iradəsi nəticəsində Azərbaycan ilə Qırğızıstan arasında formalaşmış dostluq və qardaşlıq münasibətlərinin iqtisadi əlaqələrin, o cümlədən dağ-mədən sənayesi üzrə tərəfdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını bildirib.

Görüş zamanı “AzerGold”un geoloji kəşfiyyat, yataqların qiymətləndirilməsi, hasilat və emal sahəsində qazandığı təcrübə barədə məlumat verilib. Həmçinin Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan geoloji-kəşfiyyat işləri, müasir aeroelektromaqnit və digər qeyri-invaziv kəşfiyyat metodlarının uğurla tətbiqi barədə məlumat diqqətə çatdırılıb.

Bildirilib ki, “AzerGold” ölkə hüdudlarından kənarda fəaliyyətinin genişləndirilməsini strateji prioritetlərindən biri kimi müəyyən edib və bu istiqamətdə Mərkəzi Asiya regionunda birgə dağ-mədən və geoloji kəşfiyyat layihələrinin həyata keçirilməsi imkanlarını araşdırır.

Z.İbrahimov bildirib ki, şirkət qızıl və digər faydalı qazıntı yataqlarının kəşfiyyatı və istismarı, müasir geoloji tədqiqat metodlarının tətbiqi istiqamətlərində əməkdaşlığa hazırdır.

1 68 2 2 1 3 2 4 4 2 1 5 55 6 45

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər