2026-cı ilin ilk altı ayında Azərbaycanın xaricə yatırdığı birbaşa investisiyaların təxminən 60%-i İtaliyanın payına düşüb. Banker.az xəbər verir ki, bu istiqamətdə əsas amillərdən biri SOCAR-ın İtaliyanın iri enerji şirkəti “Italiana Petroli”ni (IP) alması olub.
Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirovun sözlərinə görə, hesabat dövründə Azərbaycanın xaricə birbaşa investisiyalarının ümumi həcmi təxminən 5 mlrd. dollar təşkil edib. Bunun təxminən 3 mlrd. dolları İtaliyanın enerji sektoruna yönəlib.
Xaricə birbaşa investisiyaların əsas istiqamətləri arasında İtaliya ilə yanaşı Türkiyə, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstan da yer alıb.
İtaliyaya yönələn iri investisiya SOCAR-ın bu ölkədə həyata keçirdiyi ən böyük satınalmalardan biri ilə eyni dövrə təsadüf edir. SOCAR 8 may 2026-cı ildə “API Holding”dən “Italiana Petroli”nin səhmlərinin 99,82%-nin alınmasını tamamladığını açıqlayıb. Şirkət sövdələşmənin yekun dəyərini rəsmi olaraq açıqlamayıb.
Bununla belə, Reuters sövdələşmənin bağlanmasından əvvəl mənbələrinə istinadən “Italiana Petroli”nin müəssisə dəyərinin təxminən 2,5 mlrd. avro, yaxud 3 mlrd. dollara yaxın qiymətləndirildiyini bildirmişdi. Bu rəqəm AMB-nin 2026-cı ilin ilk yarısında İtaliyanın enerji sektoruna yönəldildiyini açıqladığı investisiyanın həcminə yaxındır.
“Italiana Petroli” İtaliyanın ən iri neft məhsulları operatorlarından biridir. Şirkətin iki neft emalı zavodu, geniş yanacaq-satış şəbəkəsi və ölkə üzrə logistika infrastrukturu mövcuddur. SOCAR alışın Avropa enerji bazarında mövqelərini gücləndirmək strategiyasının bir hissəsi olduğunu bildirib.
AMB rəsmisinin sözlərinə görə, xaricə yönəldilən bu tip birbaşa investisiyalar gələcək illərdə Azərbaycanın tədiyə balansında ilkin gəlirlər üzrə daxilolmaların artmasına töhfə verə bilər.







