Azərbaycanın cari əməliyyat balansındakı qalıq $5 mlrd-a çatıb

Azərbaycanın cari əməliyyatlar balansında 2026-cı ilin ilk yarısında 4,74 milyard dollar profisit yaranıb. Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövründəki 2,32 milyard dollarlıq göstəricidən təxminən 2 dəfə çoxdur. Cari hesab profisitinin ÜDM-ə nisbəti 12,4% təşkil edib.

Artımın əsas mənbəyi xarici ticarət olub. Xarici ticarət balansının profisiti illik müqayisədə 47,9% artaraq 6,16 milyard dollara yüksəlib. Əmtəə ixracı 16,9% artaraq 14,29 milyard dollar, idxal isə cəmi 0,9% artaraq 8,13 milyard dollar olub. Qeyri-neft-qaz ixracı 18% artaraq təxminən 2 milyard dollara çatıb.

Neft-qaz sektoru üzrə cari əməliyyatlar profisiti 23,6% artaraq 9,06 milyard dollara yüksəlib. Qeyri-neft-qaz sektorunun cari hesab kəsiri isə 13,7% azalaraq 4,32 milyard dollara düşüb. Hesabat dövründə xam neftin orta qiyməti 94,5 dollar/barel olub.

Xidmətlər balansında kəsir 1,2% azalaraq 1,04 milyard dollar, ilkin gəlirlər balansında kəsir isə 15,8% azalaraq 907,9 milyon dollar təşkil edib. Əvəzində təkrar gəlirlər balansının profisiti 86,3% artaraq 525,7 milyon dollara yüksəlib. Xaricdən Azərbaycana göndərilən pul baratları 40,2% artaraq 748 milyon dollara çatıb, ölkədən köçürülən vəsait isə 12,7% azalaraq 208 milyon dollar olub.

Kapital və maliyyə hesabında Azərbaycanın xalis xarici maliyyə aktivləri 3,3 milyard dollar, xalis xarici maliyyə öhdəlikləri isə 260,4 milyon dollar artıb. Birbaşa xarici investisiya formasında ölkəyə 3,7 milyard dollar sərmayə cəlb olunub, Azərbaycan rezidentlərinin xaricə yönəltdiyi birbaşa investisiyalar isə 5 milyard dollar təşkil edib. Qeyri-neft-qaz sektoruna cəlb olunan birbaşa xarici investisiyalar 19,6% artaraq 900 milyon dollara çatıb.

İlk altı ayda tədiyə balansının ehtiyat aktivlərinin reallaşmış hissəsi 1,4 milyard dollar artıb. Azərbaycanın strateji valyuta aktivləri isə dövrün sonuna 700 milyon dollar artaraq 85,8 milyard dollara çatıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər