Azərbaycan Mərkəzi Bankının apardığı nəzarət tədbirlərindən sonra “Azmaş Lizinq” MMC və şirkətin vəzifəli şəxsi ümumilikdə 24 min manat cərimələnib.
Banker.az xəbər verir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi şirkəti İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.4-cü maddələrinə əsasən 21 min manat, onun vəzifəli şəxsini isə 3 min manat məbləğində cərimə edib.
Cərimə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qanunvericiliyin tələblərinin pozulması ilə bağlıdır. Sözügedən maddələr müştəri uyğunluğu tədbirləri və məlumatların saxlanılması, daxili nəzarət proqramının tətbiqi, eləcə də monitorinq olunmalı əməliyyatlar üzrə məlumat və sənədlərin təqdim edilməsi tələblərini əhatə edir.
“Azmaş Lizinq” 2019-cu ildə yaradılıb və əsasən kənd təsərrüfatı texnikası və avadanlıqlarının lizinq yolu ilə satışını həyata keçirir. Şirkət Aqrar Kredit və İnkişaf Agentliyinin müvəkkil kredit təşkilatları siyahısına daxildir. Öz məlumatına görə, traktor və aqreqatların dövlət subsidiyası ilə maliyyələşdirilməsində də iştirak edir.
Şirkət “Gəncə Avtomobil Zavodu” ilə əməkdaşlıq edir və zavodun lizinq tərəfdaşıdır. “Azmaş Lizinq”in hazırkı nizamnamə kapitalı 2,81 milyon manat, direktoru Fəridə Qaraxanova Misrixanovnadır.
Şirkətin kapitalı 2025-ci ildə 5,62 milyon manat səviyyəsində olub və həmin ilin mayında kapitalın azaldılması barədə kreditorlara elan verilib.







