Qlobal istiqraz gəlirliliklərinin yüksəlməsi, enerji qiymətlərinin bahalaşması və inflyasiya gözləntilərinin güclənməsi inkişaf etməkdə olan ölkələrin valyutalarına təzyiqi artırıb.
Banker.az bunu “Bloomberg”ə istinadən xəbər verir.
İnkişaf etməkdə olan bazar valyutaları ardıcıl dördüncü gündür ucuzlaşır. ABŞ-ın maliyyə bazarları üzrə indeks və analitika şirkəti “MSCI”nin bu valyutaların gəlirliliyini izləyən indeksi Bakı vaxtı ilə saat 14:47-də 0,3% geriləyib. Bu, iyundan bəri ən uzun eniş seriyasının başlanğıcıdır. İnkişaf etməkdə olan ölkələrin səhm indeksi isə 0,9% düşüb.
ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyi təxminən son 20 ilin ən yüksək səviyyəsinə çatıb. Enerji qiymətlərindəki kəskin artım inflyasiya narahatlıqlarını gücləndirib və riskli aktivlərə təzyiq yaradıb. Bazar iştirakçıları Federal Ehtiyat Sisteminin çərşənbə günü keçiriləcək iclasında 2023-cü ilin iyulundan bəri ilk dəfə qısamüddətli faiz dərəcələrini artıracağını gözləyirlər.
Yaponiyanın bank və maliyyə xidmətləri qrupu “MUFG Bank”ın valyuta analitiki Li Hardmanın sözlərinə görə, Cənubi Afrika randı və Meksika pesosu kimi yüksək gəlirli və xammaldan asılı valyutalar dolların ötən həftə möhkəmlənməyə başlamasından bəri ən zəif nəticələri göstərir.
İnkişaf etməkdə olan bazarların valyuta və səhm indeksləri FED-in faiz qərarı ərəfəsində sentyabrda geriləyib. Mənbə: MSCI, Bloomberg.
Avropada Macarıstan forinti avroya qarşı 0,5% ucuzlaşıb. Ölkənin enerji idxalından yüksək asılılığı forinti enerji qiymətlərindəki dəyişikliklərə daha həssas edir.
Macarıstanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 10 baza bəndi artıb. Oxşar yüksəliş Polşa bazarında da müşahidə olunub.
Bununla yanaşı, ABŞ-ın aktivlərin idarə edilməsi şirkəti “BlackRock” inkişaf etməkdə olan bazar səhmləri üzrə tövsiyəsini “bazardan yüksək” səviyyəyə qaldırıb. Şirkət süni intellekt üçün vacib resurslara məhdud çıxışın və yüksək mənfəət göstəricilərinin bu bazarları dəstəkləyəcəyini gözləyir.








