Dövlət Gömrük Komitəsinin göstəricilərinə əsasən, 2026-cı ilin ilk 8 ayında Azərbaycanın meşə fındığı ixracında kəskin qiymət artımı müşahidə olunub. Satış həcmi azalsa da, məhsulun bahalaşması ümumi ixrac gəlirlərinin artmasını təmin edib.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Yanvar-avqust aylarında fındıq ixracından 105 milyon 478 min dollar gəlir əldə olunub. Bu, 2025-ci ilin müvafiq dövrü (88 milyon 280 min dollar) ilə müqayisədə 19.5% çoxdur.
İxracın fiziki həcmi 22% azalıb: Cari ilin 8 ayında xaricə 9 min 572,5 ton fındıq satılıb. Ötən ilin eyni dövründə bu göstərici 12 min 247 ton təşkil etmişdi.
Qiymət artımı hesabına ixrac olunan fındığın 1 kiloqramının orta statistik dəyəri ötən ilki 7,21 dollardan (12,25 manat) yüksələrək 11,02 dollara (18,73 manat) çatıb.
Meşə fındığı ümumi ixracın 0,48%-ni, qeyri-neft sektoru üzrə ixracın isə 1,68%-ni təşkil edib.







