Polşa ABŞ sanksiyalarından yan keçərək Venesueladan kriptovalyuta ilə neft almağa çalışarkən yüz milyonlarla dollar itirib.
Banker.az bunu Böyük Britaniyanın “Financial Times” qəzetinə istinadən xəbər verir.
Polşanın dövlət neft şirkəti “Orlen”in İsveçrədəki törəmə şirkəti vasitəçiyə 230 mln dollar avans köçürüb.
On milyonlarla steybilkoin olan USDT-yə (Tether) çıxış Karakasda keçirilən şəxsi görüşlər zamanı USB daşıyıcılar vasitəsilə vasitəçilərə təqdim edilib. Onlardan birinə 110 mln USDT verildikdən sonra həmin şəxslə əlaqə kəsilib.
Daha 50 mln dollar vəsait Dubay şirkəti vasitəsilə USDT-yə konvertasiya edilərkən yoxa çıxıb. Hazırda bu epizodla bağlı məhkəmə mübahisəsi davam edir.
Nəticədə planlaşdırılan 6 mln barel neftin əvəzinə “Orlen” yalnız kiçik həcmdə neft məhsulları əldə edib. İtirilmiş vəsaitlər, tankerlərin boşdayanması və digər xərclər nəzərə alındıqda, Polşanın ümumi zərəri ən azı 424 mln dollar qiymətləndirilir.







