Kriptovalyuta sektoruna bağlı şirkətlərin səhmləri də dünən enişini davam etdirib. ABŞ Senatının rəqəmsal aktivlər üzrə genişmiqyaslı qanun layihəsini qəbul edə bilməməsi sektor üçün mühüm zərbə kimi qiymətləndirilir. Banker.az bunu Bloomberg-ə istinadən xəbər verir.
Bitcoin çərşənbə axşamı 5,3% ucuzlaşaraq 74 910 dollara düşüb. Etherin qiyməti 8%-dən çox geriləyib, daha kiçik tokenlərdə isə itkilər daha böyük olub. Bitcoin və Ether üçün bu, iyundan bəri ən kəskin gündaxili enişlərdən biridir.
Satış dalğası ABŞ Senatında kriptovalyuta bazarının tənzimlənməsini nəzərdə tutan “CLARITY Act” qanun layihəsinin prosedur səsverməsində kifayət qədər dəstək qazanmamasından sonra güclənib. Sektor aylardır daha aydın və əlverişli tənzimləmə çərçivəsinin qəbul ediləcəyinə ümid edirdi.
Rəqəmsal aktivlərin idarə edilməsi şirkəti “Monarq Asset Management”ın əməliyyat direktoru Ayeşa Kianinin sözlərinə görə, qanun layihəsinin irəliləməməsi şirkətlərin bizneslərini harada yerləşdirməsi, investisiyaların hansı istiqamətə yönəlməsi və ABŞ-da institusional texnologiyaların tətbiq sürəti ilə bağlı hüquqi boşluqları ön plana çıxarır.
Bitcoinlə yanaşı, ABŞ kriptovalyuta birjası “Coinbase Global”ın səhmləri 10%, ABŞ fintex və steyblkoin şirkəti “Circle Internet Group”un səhmləri 11%, ABŞ texnologiya və bitcoin investisiyaları şirkəti “Strategy”nin səhmləri isə 5% ucuzlaşıb.
ABŞ investisiya şirkəti “EMJ Capital”ın təsisçisi və baş investisiya direktoru Erik Cekson bildirib ki, qanun layihəsinin keçməməsinə baxmayaraq, şirkətin daxili modelləri bitcoin üçün müsbət perspektiv göstərməkdə davam edir.
Senatda hər iki partiyadan qanunvericilər rəqəmsal aktivlər bazarının strukturunu müəyyənləşdirən əsas layihənin irəliləməsinə mane olublar. Demokratlar ABŞ Prezidenti Donald Trampın kriptovalyuta biznesindəki maraqları ilə bağlı etik normaların yetərli olmamasından narahatlıqlarını ifadə ediblər.
Qanun layihəsi ABŞ Əmtəə Fyuçersləri Ticarəti Komissiyasına rəqəmsal aktivlər sektoruna nəzarətdə geniş səlahiyyətlər verəcəkdi. Layihənin irəliləməsi üçün 60 səs tələb olunsa da, səsvermə 49-a qarşı 50 nəticələnib.
Respublikaçı senatorlar bazar günü layihənin yenilənmiş variantını təqdim etmişdilər. Dəyişikliklər ştatların baş prokurorlarının etik normalara nəzarət səlahiyyətlərini artırır, həmçinin kriptoşirkətlərin steyblkoin istifadəçilərinə mükafat və faiz təklif etməsinə məhdudiyyətlər nəzərdə tuturdu.
“CoinGlass”ın məlumatına görə, səsvermədən əvvəlki son bir saat ərzində təxminən 300 milyon dollarlıq yüksəliş yönümlü kriptovalyuta mövqeyi likvidasiya edilib. Bu, fyuçers bazarında kredit çiyni ilə açılmış uzun mövqelərin bağlanmasını sürətləndirib.
Böyük Britaniyada yerləşən kripto market-meykeri “Wintermute”un treyderi Jasper De Maere bildirib ki, bazar strukturuna dair qanunvericiliyin qəbulunun növbəti real imkanının Konqresin yeni tərkibi ilə yarana biləcəyi gözlənilir.








