Körfəz ölkələrindən Azərbaycana pul köçürmələri $46 milyona çatıb

2026-cı ilin ilk yarısında cədvəldə ayrıca göstərilən Körfəz ölkələrindən — Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər və Küveytdən — Azərbaycana fiziki şəxslər tərəfindən ümumilikdə $46 milyon pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki $41,2 milyonla müqayisədə 11,5% çoxdur.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ən böyük məbləğ Birləşmiş Ərəb Əmirliklərinin payına düşüb. BƏƏ-dən Azərbaycana pul köçürmələri illik müqayisədə 25,4% artaraq $18,5 milyondan $23,3 milyona yüksəlib.

Səudiyyə Ərəbistanından daxilolmalar 3,9% azalaraq $12,7 milyondan $12,2 milyona, Qətərdən köçürmələr isə 3,2% artaraq $8,4 milyondan $8,7 milyona çatıb. Küveytdən Azərbaycana köçürülən vəsait 14,7% artaraq $1,9 milyon olub.

Bu dörd ölkənin Azərbaycana daxil olan ümumi pul baratlarındakı payı 2025-ci ilin ilk yarısındakı 7,7%-dən 2026-cı ilin eyni dövründə 6,1%-ə düşüb. Buna səbəb ölkəyə ümumi pul köçürmələrinin daha sürətlə — 40,2% artaraq $748,5 milyona yüksəlməsi olub.

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 24,4% azalaraq $11,2 milyondan $8,5 milyona düşüb.

Məlumatlar kapital xarakterli əməliyyatlar nəzərə alınmadan təqdim edilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər