Tikinti və layihələndirmə fəaliyyəti ilə məşğul olan “Diadem” ASC 2026-cı ilin 1-ci yarımilini 326.545 manat xalis mənfəətlə yekunlaşdırıb. Şirkət ötən ilin müvafiq dövrünü 2 milyon 297 min manat xalis zərərlə başa vurmuşdu.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Cəmiyyətin gəlirləri 467 311 manatdan 9 milyon 94 min manata yüksələrək 19,5 dəfə artıb. İş və xidmətlərin maya dəyəri 327 118 manatdan 7 milyon 246 min manata çataraq 22,1 dəfə artıb. Şirkətin inzibati və ümumi xərcləri 2 milyon 585 min manatdan 1 milyon 354 min manata enib.
Hesabat dövründə şirkətin aktivləri 115,94 milyon manatdan 111,58 milyon manata düşüb (3,8% azalma). Bunun 10,31 milyon manatını uzunmüddətli, 101,26 milyon manatını isə cari aktivlər təşkil edib.
ASC-nin nizamnamə kapitalı dəyişməyərək 3,10 milyon manat qalıb. İlin ilk yarısında əldə olunan mənfəət hesabına bölüşdürülməmiş zərər 9,98 milyon manatdan 9,65 milyon manata düşüb, bununla da cəmi kapital mənfiliyi 6,88 milyon manatdan 6,55 milyon manata enib.







