Yaponiya Bankı inflyasiya risklərinin artması fonunda əsas faiz dərəcəsini 0,25 faiz bəndi artıraraq 1,25%-ə qaldırıb. Bu, 1995-ci ildən bəri ən yüksək səviyyədir və tənzimləyicinin sərt pul-kredit siyasətini davam etdirdiyini göstərir.
Banker.az “Financial Times”a istinadən xəbər verir ki, qərarı İdarə Heyətinin doqquz üzvündən yeddisi dəstəkləyib. Bazarlar bu addımı böyük ölçüdə gözləyirdi. Ölkədə istehlak qiymətləri yüksəlməkdə davam edir, zəif yen isə idxal olunan enerji və digər məhsulların maya dəyərini artırır.
Qərardan sonra dollar 157 yen səviyyəsini keçib, “Nikkei 225” indeksi isə 1,9% yüksəlib. Yen bu ilin əvvəlində dollar qarşısında son 40 ilin ən zəif səviyyəsinə qədər geriləmişdi.
Yaponiya Bankı bundan əvvəl iyunda faizi 1%-ə qaldırmışdı. Beləliklə, növbəti artım üç aydan da az müddətdə baş verib. Yaponiya hakimiyyəti iyul-avqust aylarında milli valyutanı dəstəkləmək üçün bazara 96 milyard dollarlıq müdaxilə edib.
Tənzimləyici oktyabrda yeni faiz artımının olub-olmayacağı barədə dəqiq siqnal verməyib. Bununla belə, bəzi analitiklər bankın dekabra qədər ən azı bir əlavə artım edə biləcəyini istisna etmirlər.
Yaponiya Bankı baza inflyasiyasının 2%-lik hədəfi keçə biləcəyi barədə də xəbərdarlıq edib. Bankın qiymətləndirməsinə görə, şirkətlərin alış xərclərindəki artım artıq istehlak qiymətlərinə ötürülür.
Qərar qlobal monetar sərtləşmə fonunda verilib. ABŞ Federal Ehtiyat Sistemi də bu həftə faizi 3,75–4% diapazonuna qaldırıb, Avropa Mərkəzi Bankı isə ötən həftə dərəcəni 2,5%-ə yüksəldib. Yaponiyada 10 illik dövlət istiqrazlarının gəlirliliyi qərardan sonra təxminən 3% səviyyəsində qalıb.







