Cənubi Kiprdə İT distribütoru “ASBISC Enterprises Plc” Azərbaycandakı “ASBC” MMC-də qalan 34,15%-lik payı satın alaraq şirkətin yeganə səhmdarına çevrilib.
Banker.az-ın məlumatına görə, “ASBIS” yanvarın 29-da Bakıdakı “ASBC” MMC-nin 34,15%-lik payını 490 min dollara alıb. Əməliyyatdan əvvəl şirkətdə 65,85% paya malik olan “ASBIS” bununla törəmə şirkətdəki iştirakını 100%-ə çatdırıb.
“ASBC” MMC 2017-ci ildə təsis edilib və 900 000 ABŞ dolları dəyərində və ya cari məzənnə ilə 1,53 mln. manat ekvivalentində nizamnamə kapitalına sahibdir. Şirkətin kapitalı 2022-ci ilə qədər 400 000 dollar olub, sonradan əlavə yarım milyon artırılıb. Həmin müddət ərzində rəsmi olaraq indiyə qədər rəhbərlik etmiş Rüfət Sadıqovu əcnəbi Dromina Ayna adlı əməkdaşla əvəzləyiblər.
“ASBC” MMC Azərbaycanda korporativ İT həlləri və texnologiya avadanlıqlarının satışı ilə məşğul olan şirkətdir. Şirkət xüsusilə biznes müştərilərinə “Apple” məhsulları və digər aparıcı brendlər əsasında İT infrastrukturu, cihaz təchizatı və inteqrasiya xidmətləri təqdim edir. “ASBC” Azərbaycanda “Apple Premium Partner” kimi fəaliyyət göstərir.
Eyni zamanda qrupun Azərbaycan bazarındakı satışları 2026-cı ilin ilk yarısında 2,1 dəfədən çox artaraq 142,2 milyon dollara çatıb.
Qrupun Azərbaycandakı satışları yanvar-iyun aylarında əvvəlki ilin eyni dövründəki 66,2 milyon dollardan 142,2 milyon dollara yüksəlib, artım 114,8% təşkil edib. Azərbaycan bununla “ASBIS”in satış həcminə görə yeddinci ən böyük bazarı olub.
Təkcə ikinci rübdə Azərbaycanda satışlar illik müqayisədə 111% artaraq 39,4 milyon dollardan 83,3 milyon dollara çatıb. Şirkət Azərbaycan da daxil olmaqla MDB bazarlarındakı artımı iri süni intellekt serverləri üzrə müqavilələr və “Apple” məhsullarına güclü tələbatla əlaqələndirib.
“ASBIS”in Azərbaycanda “ASBC” ilə yanaşı “ASBIS AZ” və “Breezy Azerbaijan” şirkətləri də fəaliyyət göstərir. Qrupun baş qərargahı Kiprin Limassol şəhərində yerləşir və şirkət İT avadanlıqları və həllərinin distribusiyası ilə məşğuldur.
ASBIS-in nəzarət edən əsas sahibi və qurucusu Siarhei Kostevitch-dir. O, şirkətin prezidenti və CEO-sudur və paylarını “KS Holdings Ltd” vasitəsilə saxlayır. 2026-cı ilin aktual səhmdar strukturuna görə “KS Holdings” ASBIS-də 36,84% paya və eyni həcmdə səs hüququna malikdir. Şirkətin öz hesabatında Siarhei Kostevitch “KS Holdings”in son benefisiar sahibi kimi göstərilir.
Kostevitch 1964-cü il təvəllüdlüdür. O, biznes fəaliyyətinə 1990-cı ildə Minskdə, Belarusda başlayıb və sonradan ASBIS-i Şərqi Avropa, keçmiş SSRİ ölkələri, Yaxın Şərq və Afrikada fəaliyyət göstərən iri İT distribütor qrupuna çevirib.
ASBIS-in ümumilikdə 55,5 milyon səhmi var. Bunun 20,45 milyonu Kostevitchin nəzarətindəki KS Holdings-ə, qalan 63,16%-i isə birjada dövriyyədə olan digər səhmdarlara məxsusdur. Səhmlər Varşava Fond Birjasında ticarət olunur.







