Azərbaycanda şirkətlər və digər hüquqi şəxslərdən dövlət büdcəsinə daxil olan mənfəət vergisi 2026-cı ilin yanvar-iyul aylarında 5 milyard 184,9 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövründəki 5 milyard 71,9 milyon manatla müqayisədə 113 milyon manat və ya 2,2% çoxdur.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hüquqi şəxslərin mənfəət vergisinin dövlət büdcəsi gəlirlərində payı bir il əvvəlki 21,60%-dən 21,97%-ə yüksəlib. Başqa sözlə, dövlət büdcəsinə daxil olan hər 100 manatın təxminən 22 manatı şirkətlərin mənfəət vergisinin payına düşüb.
Bu dövrdə dövlət büdcəsinin ümumi gəlirləri cəmi 0,5% artaraq 23 milyard 594,5 milyon manata çatıb. Mənfəət vergisi üzrə daxilolmaların 2,2%-lik artımı ümumi büdcə gəlirlərinin artım tempini üstələyib.
Hökumətin 2026-cı il dövlət büdcəsində hüquqi şəxslərin mənfəət vergisi üzrə 6 milyard 580 milyon manat daxilolma proqnozlaşdırılıb. Beləliklə, ilin ilk yeddi ayında illik proqnozun artıq 78,8%-i təmin olunub.
Müqayisə üçün, 2025-ci ildə bu vergi üzrə faktiki büdcə daxilolmaları 6 milyard 694,6 milyon manat olmuşdu. Bu, həmin il üçün təsdiq edilmiş 6 milyard 344 milyon manatlıq ilkin büdcə proqnozundan təxminən 5,5% yüksək idi.
Dövlət Vergi Xidmətinin 2025-ci il üzrə açıqladığı siyahı iri vergi ödəyicilərinin kimlər olduğunu da göstərir. ƏDV və aksiz nəzərə alınmadan ən yüksək vergi hesablamasına malik və məlumatlarının açıqlanmasına razılıq verən ödəyicilər arasında “BP Exploration (Azerbaijan) Limited”in nümayəndəliyi 662,7 milyon manat, SOCAR-ın “Azneft” İstehsalat Birliyi 493,5 milyon manat, “Lukoil Overseas Shah Deniz Ltd.” 435,2 milyon manat, “Turkish Petroleum Overseas Company Ltd.” 429,9 milyon manat, “BP Exploration (Caspian Sea) Limited” isə 292,7 milyon manatla ilk sıralarda olub.
Lakin bu siyahı sırf mənfəət vergisi üzrə reytinq deyil. Dövlət Vergi Xidməti burada ƏDV və aksiz istisna olmaqla digər vergi hesablamalarını birlikdə göstərib. Buna görə həmin şirkətlərin göstərilən məbləğlərinin hamısını mənfəət vergisi kimi qəbul etmək olmaz.
Hazırda Azərbaycanda hüquqi şəxslər üçün standart mənfəət vergisi dərəcəsi 20%-dir. Vergi şirkətin bütün dövriyyəsindən deyil, vergi tutulan gəlirlərindən qanunvericiliyə uyğun çıxılan xərclər çıxıldıqdan sonra qalan vergi tutulan mənfəətdən hesablanır. Məsələn, şirkətin 1 milyon manat vergi tutulan gəliri, 700 min manat çıxıla bilən xərci varsa, vergi 1 milyon manatdan deyil, qalan 300 min manatdan hesablanır və standart halda 60 min manat təşkil edir.
Şirkətlər il ərzində mənfəət vergisi üzrə rüblük cari ödənişlər edir. İlin yekun mənfəət vergisi hesablanaraq növbəti ilin 31 martından gec olmayaraq bəyannamə təqdim edilir və cari ödənişlər nəzərə alınmaqla dövlət büdcəsi ilə son hesablaşma aparılır.
Qanunvericilik bəzi bizneslər üçün güzəştlər də nəzərdə tutur. Məsələn, orta aylıq muzdlu işçi sayı azı üç nəfər olan və sosial sığorta borcu olmayan mikro sahibkarlıq subyekti statuslu hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75%-i vergidən azad edilir. Belə halda şərtlərə cavab verən mənfəətin yalnız 25%-i standart 20%-lik dərəcə ilə vergiyə cəlb olunur.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda müəssisə və təşkilatların ümumi mənfəəti illik müqayisədə 7,6% azalaraq 52,1 milyard manata düşüb, halbuki 2023-cü ildə bu göstərici 56,8 milyard manat olmuşdu. Ən yüksək mənfəət artımı peşə, elmi və texniki fəaliyyət sahəsində 57%, səhiyyə və sosial xidmətlərdə 49,8%, informasiya və rabitədə 48,2% olub. Ən böyük azalma isə mədənçıxarma sənayesində 12,1% qeydə alınıb. 2025-ci il üzrə analoji indiqatorlar hələki açıqlanmayıb.







