Neft qiymətləri bazar ertəsi ABŞ-İran müharibəsində diplomatik irəliləyiş ümidləri və Səudiyyə Ərəbistanının ixracının qismən bərpası fonunda bir həftədən çox müddətin minimumuna düşüb.
Banker.az xəbər verir ki, Brent markalı neftin fyuçersləri sentyabrın 10-dan bəri ən aşağı səviyyəyə enərək 2,08% ucuzlaşıb və bir barel üçün 101,71 dollar olub. ABŞ-ın WTI nefti isə 2,14% geriləyərək 98,15 dollara düşüb və 100 dollarlıq psixoloji həddi aşağı qırıb.
Bazar iştirakçıları BMT Baş Assambleyası çərçivəsində mümkün diplomatik təmaslara diqqət yetirirlər. ABŞ Prezidenti Donald Tramp İran Prezidenti Məsud Pezeşkianla görüşə açıq olduğunu bildirib. Tehran da müharibənin dayandırılması üzrə danışıqlara qayıtmaq üçün şərtlərini vasitəçilərə çatdırdığını açıqlayıb.
Bununla belə, regionda gərginlik yüksək olaraq qalır. Yəməndəki husilər Ər-Riyad və Yanbudakı “Saudi Aramco” obyektlərinə raket və PUA hücumları etdiklərini bildiriblər. Hücumlar “Şərq-Qərb” neft kəmərinin işini pozduğundan Səudiyyə Ərəbistanı ixracın bir hissəsini Hörmüz boğazına yönəldib. Çin də İrandan husilərin fəaliyyətinin məhdudlaşdırılmasına kömək etməsini istəyib.
Enerji bazarı üzrə analitika şirkəti “Kpler”in ilkin məlumatına görə, Səudiyyə Ərəbistanının neft ixracı avqustdakı gündəlik 2,4 milyon bareldən sentyabrda 4 milyon bareldən yuxarı qalxıb. Peyk məlumatları Hörmüz vasitəsilə daşınan Səudiyyə neftinin son altı gündə gündəlik 2,9 milyon barelə çatdığını göstərir; avqustda bu rəqəm 700 min barel idi.
ABŞ investisiya bankı “JPMorgan” Yaxın Şərqdən neft axınının son 10 gündə gündəlik orta hesabla 17,1 milyon barel olduğunu bildirib. Bank regional tədarükün kəmər problemlərinə baxmayaraq gözləniləndən daha dayanıqlı qaldığını qeyd edir.







