“SoftBank” “OpenAI” investisiyası üçün $11 milyarddan çox borclanmaq istəyir

Yaponiyanın texnologiya və investisiya holdinqi “SoftBank Group” süni intellekt şirkəti “OpenAI”yə əlavə investisiyaları maliyyələşdirmək üçün 11 milyard dollardan çox vəsait cəlb etməyi planlaşdırır.

Banker.az “Bloomberg”ə istinadən xəbər verir ki, şirkət təxminən 10 milyard dollarlıq dollar istiqrazları və 1 milyard avroluq avro istiqrazları buraxmağı nəzərdən keçirir. Söhbət yüksək gəlirli istiqrazlardan gedir.

Cəlb ediləcək vəsaitin bir hissəsinin “OpenAI”yə növbəti investisiya tranşına yönəldilməsi gözlənilir. Sövdələşmənin gələn ay tamamlanması planlaşdırılır.

Masayoşinin rəhbərlik etdiyi “SoftBank” indiyədək ABŞ-ın süni intellekt şirkəti “OpenAI”yə təxminən 65 milyard dollar yatırıb və AI investisiyalarını maliyyələşdirmək üçün borclanmanı sürətlə artırır.

Şirkət bu il borc bazarlarından təxminən 15 milyard dollar cəlb edib. “SoftBank” həmçinin Britaniyanın çip dizaynı şirkəti “Arm Holdings”dəki səhmləri girov qoyaraq kredit limitini 25 milyard dollara qədər artırıb və “OpenAI” investisiyalarının maliyyələşdirilməsi üçün əlavə kreditlər götürüb.

Bununla yanaşı, şirkətin borclanma xərcləri yüksəlir. “SoftBank”ın 2031-ci ildə ödəniləcək dollar istiqrazlarının gəlirliliyi ilin əvvəlindəki 6,7%-dən 8,2%-ə qədər yüksəlib.

Planlaşdırılan həcmdə yerləşdirmə baş tutarsa, bu, yüksək gəlirli istiqraz bazarı tarixində ən iri emissiyalardan biri ola bilər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər