BMT Xəzər dənizi ilə bağlı layihə həyata keçirəcək.
Bunu Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Dmitro Şlapaçenko deyib.
Onun sözlərinə görə, BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və BMT Layihə Xidmətləri Ofisi (UNOPS) tərəfindən “Xəzər dənizini maviləşdirmək” (Blueing the Caspian Sea) layihəsinin həyata keçirilməsi planlaşdırılır.
“Əsas məqsəd, əlbəttə, Xəzəri daha təmiz etməkdir. Yaxın zamanda beynəlxalq və milli əməkdaşların işə qəbulu başlayacaq və layihənin icrasına başlanılacaq”, – Şlapaçenko deyib.
O bildirib ki, layihə çirklənmənin monitorinqinin gücləndirilməsinə, biomüxtəlifliyin qorunmasına və regional ekoloji əməkdaşlığın inkişafına yönəlib.
BMT rəsmisinin fikrincə, layihə Azərbaycan və qonşu ölkələrə Xəzər dənizinin qorunması üçün daha güclü elmi və institusional baza yaratmağa kömək edəcək.
Şlapaçenko Xəzər dənizinə daxil olan suyun həcminin son illərdə 10-15 faiz azaldığını da qeyd edib. O hesab edir ki, bu, həm biomüxtəlifliyə, həm də iqtisadi fəaliyyətə təsir göstərir.
“İnanırıq ki, bu, başlanğıcdır. Qarşıda daha çox layihələr olacaq, lakin bunu zaman göstərəcək”, – BMT rəsmisi əlavə edib.







