ABŞ və Çin ötən il Cənubi Koreyada əldə olunan ticarət razılaşmasını daha altı ay uzatmağı müzakirə edirlər. Həmin razılaşma iki ölkə arasında iqtisadi münasibətlərin daha da gərginləşməsinin qarşısını qismən almışdı.
Razılaşma çərçivəsində ABŞ prezidenti Donald Tramp Çin ixracına qarşı daha sərt gömrük rüsumlarının tətbiqindən geri çəkilmiş, Pekin isə Vaşinqtonun addımlarına cavab olaraq dayandırdığı kritik mineralların tədarükünü bərpa etməyə razılaşmışdı.
İndi tərəflərin Çin sədri Si Cinpinin bu həftə Vaşinqtona planlaşdırılan səfəri və Donald Trampla görüşü ərəfəsində həmin razılaşmanın müddətini uzatmağa hazırlaşdığı bildirilir. Reuters-in məlumatına görə, Si Cinpinin ABŞ-yə dövlət səfəri sentyabrın 23–25-də baş tutacaq, ticarət atəşkəsinin uzadılması isə liderlərin gündəmindəki əsas mövzulardan biri olacaq.
ABŞ administrasiyasının nümayəndələri bildiriblər ki, görüş zamanı liderlər süni intellekt üzrə dialoqun qurulmasını, həmçinin milli təhlükəsizliyə aid olmayan məhsulların, o cümlədən enerji daşıyıcıları və istehlak mallarının ticarətinin artırılmasını müzakirə edəcəklər.
Vaşinqton və Pekin artıq süni intellekt təhlükəsizliyi üzrə formal dialoqun yaradılması barədə razılığa gəliblər. ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, tərəflər təxminən iki aydan sonra Şençjendə yenidən görüşəcəklər. Bununla belə, o, noyabrın 10-da müddəti başa çatacaq ticarət atəşkəsinin uzadılması barədə hələ yekun razılaşma olmadığını qeyd edib.
ABŞ rəsmilərinin sözlərinə görə, avtomobil, yarımkeçirici və elektrik alətləri istehsalı üçün vacib olan bəzi Çin mineral xammalının ixracı hələ də həddindən artıq məhdudlaşdırılır. Bu isə bir sıra şirkətlərdə tədarükün sabitliyi ilə bağlı narahatlıq yaradır.
Vaşinqton həmçinin Çinin ABŞ-dən kənd təsərrüfatı məhsullarının alışının əvvəl vəd edilən səviyyələrdən geri qaldığını bildirir. Bundan əlavə, martdan bəri Çin Dövlət Şurasının qəbul etdiyi bir sıra qərarlar da Amerika şirkətlərini narahat edir. Həmin sənədlər Çin hökumətinin ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər üzərində səlahiyyətlərini genişləndirib.
Tərəflər eyni zamanda enerji ticarətinin genişləndirilməsi imkanlarını da müzakirə edirlər. Son danışıqlarda Çinin ABŞ mayeləşdirilmiş təbii qazına tətbiq etdiyi 15%-lik rüsumun azaldılması və ya ləğvi variantı gündəmə gəlib. Bu məsələ Si Cinpinin Vaşinqton səfəri zamanı daha geniş ticarət paketinin bir hissəsinə çevrilə bilər.







