Qazaxıstanda yaşayış icazəsi olmayan əcnəbilər bank hesabı və ödəniş kartı açarkən artıq sırf qeyri-rezident olduqları üçün avtomatik olaraq yüksək riskli müştəri hesab edilməyəcəklər.
Banker.az “Forbes Kazakhstan”a istinadən xəbər verir ki, Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi bankların daxili nəzarət qaydalarında qeyri-rezidentlərlə bağlı bir sıra tələbləri dəyişib. Nəşrin məlumatına görə, əvvəlki qaydalarda yaşayış icazəsi olmayan qeyri-rezidentlər ayrıca yüksək risk kateqoriyasına daxil edilirdi. Yeni qaydalarda bu yanaşma aradan qaldırılır.
“Forbe.kz” yazır ki, qeyri-rezidentlər üçün əvvəllər məcburi olan xüsusi sorğu anketi də tələblər siyahısından çıxarılıb. Həmin anketdə əcnəbinin Qazaxıstanda olma məqsədi, hesab açmaq səbəbi, peşəsi, pul vəsaitlərinin mənbəyi, planlaşdırılan köçürmələr və hətta mobil cihazın IMEI kodu barədə məlumat tələb oluna bilirdi. Bununla belə, banklar şəxsiyyəti təsdiq edən sənədləri yoxlamağa və biometrik autentifikasiya aparmağa davam edəcəklər.
“Kursiv Media” isə məsələ ilə bağlı birbaşa Agentliyə müraciət edib. Tənzimləyici nəşrə bildirib ki, dəyişikliklər çirkli pulların yuyulması, terrorizmin və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinə qarşı tələblərin yumşaldılması demək deyil. Agentliyin izahına görə, məqsəd formal meyardan risk-əsaslı yanaşmaya keçməkdir.
Agentliyin “Kursiv”ə açıqlamasına əsasən, bank hər bir qeyri-rezidentin risk səviyyəsini ayrıca müəyyən edəcək. Qiymətləndirmədə müştəri barədə məlumatlar, hesabdan istifadə məqsədi, işgüzar münasibətlərin xarakteri, istifadə edilən bank məhsulları və kanalları, əməliyyatların xüsusiyyətləri və digər risk amilləri nəzərə alınacaq. Yüksək risk müəyyən edilərsə, bank gücləndirilmiş yoxlama və əməliyyatların daha intensiv monitorinqini tətbiq edəcək.







