Azərbaycan və Qazaxıstan arasında investisiya axını artıb

Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı investisiya axınları 2026-cı ilin ilk yarısında artıb. Qazaxıstandan Azərbaycana yönələn birbaşa investisiyaların həcmi illik müqayisədə 2 dəfədən çox artaraq 28 milyon dollara çatıb. Ötən ilin eyni dövründə bu göstərici 12,8 milyon dollar təşkil edib.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, Qazaxıstanın Azərbaycanın ümumi birbaşa xarici investisiyalarındakı payı 0,4%-dən 0,8%-ə yüksəlib.

Eyni dövrdə Azərbaycanın Qazaxıstan iqtisadiyyatına yönəltdiyi birbaşa investisiyalar da artıb. 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan kapitalının Qazaxıstana yatırımı 7,9 milyon dollar təşkil edib. Bu, 2025-ci ilin eyni dövründəki 6,5 milyon dollarla müqayisədə 21,3% çoxdur.

Uzunmüddətli dövrdə isə Azərbaycan kapitalının Qazaxıstandakı iştirakı daha böyükdür. 2005–2025-ci illər ərzində Azərbaycanın Qazaxıstana yatırdığı investisiyaların həcmi 424,6 milyon dollar, Qazaxıstanın Azərbaycana yatırdığı investisiyalar isə 156 milyon dollar təşkil edib.

Qazaxıstan kapitalının Azərbaycandakı əsas istiqamətlərindən biri enerji və logistika sahəsidir. İki ölkə arasında əsas əməkdaşlıq xətti Qazaxıstan neftinin Azərbaycan üzərindən dünya bazarlarına çıxarılması ilə bağlıdır. “KazMunayGas” və SOCAR arasında əməkdaşlıq çərçivəsində Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə nəqli artırılır. 2025-ci ildə bu marşrut üzrə Qazaxıstan neftinin daşınmasının genişləndirilməsi planlaşdırılırdı.

Bundan başqa, Qazaxıstan şirkətləri Orta Dəhliz layihələrində iştirak imkanlarını genişləndirir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Aktau limanı və dəmir yolu infrastrukturu üzrə əməkdaşlıq iki ölkənin əsas investisiya istiqamətlərindən biridir.

Azərbaycan kapitalının Qazaxıstandakı əsas maraq sahələri isə nəqliyyat-logistika, sənaye və birgə investisiya layihələridir. Bu istiqamətdə əsas alətlərdən biri Azərbaycan–Qazaxıstan Birgə İnvestisiya Fondudur. Fond enerji, yaşıl enerji, sənaye və digər sahələrdə birgə layihələrin maliyyələşdirilməsini nəzərdə tutur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər