İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) enerji şokları və güclü tələbin qiymət təzyiqlərini artırması fonunda qlobal inflyasiyanın gözləniləndən daha yüksək qalacağını proqnozlaşdırır.
Banker.az OECD-nin sentyabr iqtisadi icmalına əsasən xəbər verir ki, təşkilat Çin və Səudiyyə Ərəbistanı istisna olmaqla, G20 ölkələrinin hamısı üçün 2027-ci il inflyasiya proqnozlarını yüksəldib.
Təşkilat hesab edir ki, inflyasiya təzyiqlərinin davam etməsi dünyanın aparıcı mərkəzi banklarını pul-kredit siyasətini daha da sərtləşdirməyə məcbur edə bilər. OECD ABŞ Federal Ehtiyat Sisteminin (FED), Avropa Mərkəzi Bankının və Yaponiya Bankının əlavə faiz artımlarına gedə biləcəyini gözləyir.
Bununla belə, təşkilat yeni faiz artımı dövrünün 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra həyata keçirilən sərtləşdirmə qədər aqressiv olmayacağını düşünür.
OECD qlobal iqtisadiyyat üçün digər risklərə də diqqət çəkib. Bunlara ticarət məhdudiyyətlərinin genişlənməsi, borclanma xərclərinin yüksəlməsi və süni intellektə böyük investisiyaların gəlirliliyi ilə bağlı qeyri-müəyyənlik daxildir.
Təşkilat xəbərdarlıq edir ki, AI layihələrindən gözləniləndən aşağı gəlir əldə olunması texnologiya sektoruna kapital axınını zəiflədə və məlumat mərkəzləri, çip istehsalı, enerji infrastrukturu kimi əlaqəli sahələrdə investisiyaların tempini aşağı sala bilər.







