Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Böyük Britaniyaya borclanma xərclərinin sürətlə artması və iqtisadi artım tempinin zəifləməsi ilə bağlı xəbərdarlıq olunub.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Britaniya iqtisadiyyatı üzrə gələn il üçün artım proqnozunu aşağı salıb. Təşkilat Britaniya iqtisadiyyatının gələn il 1 faiz artacağını gözləyir. Bundan əvvəl artım proqnozu 1,1 faiz səviyyəsində idi. Bununla yanaşı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Britaniya iqtisadiyyatının bu il gözləniləndən daha dayanıqlı olduğunu bildirib və cari il üzrə artım proqnozunu 0,9 faizdən 1,1 faizə yüksəldib.

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri isə BBC-yə açıqlamasında bildirib ki, borclanma xərclərinin artması fonunda həm Böyük Britaniya, həm də Amerika Birləşmiş Ştatları dövlət borcunun səviyyəsini azaltmalıdır. Yaxın Şərqdə davam edən münaqişə və Rusiya-Ukrayna müharibəsi xam neftin qiymətinin yüksəlməsinə səbəb olub. Bu isə yanacaq və enerji xərclərinin artmasına, nəticədə dünya üzrə inflyasiyanın yüksəlməsinə təsir göstərib.

Xəbərdarlıq Britaniyanın maliyyə naziri Con Hilinin gələn ay təqdim edəcəyi ilk büdcə ərəfəsində səsləndirilib.

MənbəAZƏRTAC
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər