Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara serfitikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir.
Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri İlkin Kərimov sosial media hesabında paylaşım edib.
O qeyd edib ki, Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramına əsasən, 2028-ci ildən bu sahədə tənzimləmə tədbirlərinin görülməsi nəzərdə tutulub. Lakin hansısa serfitikat tələbi yoxdur.
“Əksinə, bu sahədə fəaliyyət göstərən şəxslərə bazara çıxış imkanları yaradılacaq. Hazırda belə mexanizm yoxdur. Ən əsası isə insan sağlamlığıdır, istehlaka təqdim ediləcək ev şəraitində konservləşdirilmiş qidaların təhlükəsizliyi təmin olunacaq. Çünki təhlillərə görə, məişətdə baş verən zəhərlənmələrin 47%-i mənşəyi bilinməyən konserv məhsullarının istehlakı ilə əlaqəli olub. Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda ev şəraitində və ailə təsərrüfatları tərəfindən hazırlanan qida məhsullarının bazara yerləşdirilməsi mexanizminin formalaşdırılması nəzərdə tutulub. Proqramda tədbirin icra müddəti 2028–2032-ci illəri əhatə edir”, – deyə o vurğulayıb.
İ.Kərimov əlavə edib ki, həmin məhsulların bazara yerləşdirilməsi ilə bağlı mexanizmə dair təkliflərin hazırlanması, hüquqi bazanın formalaşdırılması və tənzimləmə mexanizminin tətbiqi planlaşdırılır.







