Dünya üzrə dövlət istiqrazlarının orta gəlirliliyi 4%-ə yaxınlaşaraq 2007-ci ildən bəri ən yüksək səviyyənin astanasına çatıb.
Banker.az “Bloomberg”ə istinadən xəbər verir ki, “Bloomberg Global Aggregate Treasuries” indeksinin gəlirliliyi çərşənbə günü 8 baza bəndi artaraq 3,99%-ə yüksəlib. Satış dalğasına əsasən ABŞ dövlət istiqrazları liderlik edib.
Bazarda təzyiqin artmasına davamlı inflyasiya, güclü iqtisadi göstəricilər, neft qiymətlərinin yüksəlməsi və dövlət borclanmasının artması ilə bağlı narahatlıqlar səbəb olur. Bu amillər faiz dərəcələrinin daha uzun müddət yüksək qalacağı gözləntilərini gücləndirir.
ABŞ-da beşillik dövlət istiqrazlarının gəlirliliyi 2007-ci ildən bəri ilk dəfə 5%-i keçib. Bazar iştirakçıları qarşıdakı 12 ay ərzində FED-dən üç dəfə 25 baza bəndlik faiz artımını qiymətlərə daxil etməyə başlayıblar.
Satış dalğası Asiya bazarlarına da yayılıb. Yaponiyanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 3,075%-ə yüksələrək 1996-cı ildən bəri ən yüksək səviyyəyə çatıb. Avstraliyada da istiqraz gəlirlilikləri son illərin maksimumlarına yüksəlib.
Qlobal istiqraz gəlirliliklərinin yüksəlməsi hökumətlərin, şirkətlərin və ev təsərrüfatlarının borclanma xərclərini artırmaqla yanaşı, səhmlərin nisbi cəlbediciliyini də azalda bilər.








