Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçdi

Formula 1 Azərbaycan Qran-Prisinin 10-cu yubileyində Bakıya gələn xarici turistlərin sayı rekord həddə çataraq 16 mini keçib.

Bu, Formula 1-in paytaxt Bakıda keçirildiyi dövrdə qeydə alınan ən yüksək göstəricidir.

Xatırladaq ki, xarici qonaqların ötən ilki sayı 14 min olub.

Yarışa beynəlxalq marağın artması bilet satışlarında da özünü göstərir.

2026-cı il Azərbaycan Qran-Prisinin biletləri 120-dən çox ölkədən olan azarkeşlər tərəfindən alınıb.

Bu göstərici yarışın beynəlxalq coğrafiyasının daha da genişləndiyini göstərir.

10-cu yubiley Qran-Prisi həm rekord sayda xarici qonağı Bakıya gətirib, həm də dünyanın hər yerindən azarkeşlərin diqqətini Azərbaycan paytaxtına yönəldib.

Məlumat üçün bildirək ki, Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi bu il 10-cu dəfə təşkil olunur.

Bakı Şəhər Halqasında ilk Formula 1 yarışı 2016-cı ildə Avropa Qran-Prisi adı ilə keçirilib, 2017-ci ildən isə mərhələ Azərbaycan Qran-Prisi kimi Formula 1 təqvimində yer alır. Yalnız 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən yarış keçirilməyib.

Bakı Şəhər Halqasının uzunluğu 6 kilometrdir. Pilotlar əsas yarışda 51 dövrə tamamlayaraq 306 kilometrdən çox məsafə qət edəcəklər. Saat əqrəbinin əksi istiqamətində hərəkət edilən tras 20 döngədən ibarətdir.

Bakı yarışı dar küçələri, uzun düzlükləri və baryerlərin trasa yaxın yerləşməsi ilə seçilir. İçərişəhər divarları boyunca uzanan hissədə yolun eni 7,6 metrədək azalır ki, bu da pilotlar üçün səhv imkanlarını minimuma endirir.

Bakı həmçinin gözlənilməz nəticələri ilə tanınır. İndiyədək Azərbaycan Qran-Prisini iki dəfə qazanan pilotlar arasında Serxio Peres və Maks Ferstappen yer alır. Ferstappen 2022 və 2025-ci illərdə, Peres isə 2021 və 2023-cü illərdə Bakıda finiş xəttini birinci keçib.

Bu dəfə çempionatın lideri Kimi Antonelli Bakı mərhələsinə 81 xallıq üstünlüklə gəlir. Mercedes pilotu mövsümün ilk 14 yarışından səkkizində qalib gəlib və sonuncu mərhələdə – Madriddə də birinci olub.

Azərbaycan Qran-Prisinin builki mərhələsində Formula 2 üzrə də fərqli format tətbiq olunacaq. Bakı bu mövsüm Formula 2-nin yeganə dəstək seriyası olduğu mərhələdir və burada cümə axşamı iki sıralama sessiyası, cümə günü sprint və ilk əsas yarış, şənbə günü isə ikinci əsas yarış keçiriləcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər