Yunanıstana neft təchizatı mənbələrini dəyişir – Azərbaycandan alış yüksəlir

Azərbaycan 2026-cı ilin ilk 8 ayında Yunanıstana 284,4 min ton xam neft ixrac edib. İxracın dəyəri 182,8 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə Yunanıstana 232,4 min ton və ya 129,0 milyon dollarlıq neft göndərilmişdi. Beləliklə, fiziki həcm illik müqayisədə 22,4%, ixrac gəliri isə 41,7% artıb.

Banker.az- Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bir ton neftin orta ixrac qiyməti 2025-ci ilin ilk 8 ayındakı təxminən 555 dollardan 643 dollara yüksəlib. Bu, 15,8% artım deməkdir.

Yunanıstan böyük xam neft idxalçısıdır. BMT-nin əmətəə bazasına görə, ölkə 2025-ci ildə 18,16 milyon ton, 9,51 milyard dollar dəyərində xam neft idxal edib. Əsas təchizatçı İraq olub — 6,41 milyon ton. Sonrakı yerlərdə Qazaxıstan 3,87 milyon ton, Liviya 3,56 milyon ton, Səudiyyə Ərəbistanı 1,76 milyon ton və Norveç 878,7 min tonla qərarlaşıb. Azərbaycan isə 630,5 min tonla əsas təchizatçılar arasında yer alıb və Yunanıstanın idxalının təxminən 3,5%-ni təmin edib.

2026-cı ildə Yunanıstanın neft bazarında təchizat mənbələri dəyişir. Yerli “Oikonomikos Tachydromos”un məlumatına görə, Yaxın Şərqdəki münaqişə fonunda “HELLENiQ ENERGY” İraq və Səudiyyə Ərəbistanından əvvəlki tədarüklərin bir hissəsini Norveç, Şimali və Latın Amerikası nefti ilə əvəz edib. Şirkət alternativ xammal mənbələrinin artırılmasını yanacaq təminatının qorunması üçün əsas addımlardan biri kimi təqdim edir.

Yunanıstanın emal bazarında “HELLENiQ ENERGY” və “Motor Oil” əsas oyunçulardır. “HELLENiQ ENERGY” Aspropyrgos, Elefsina və Salonikidə üç zavoda malikdir və ölkənin ümumi emal gücünün təxminən 63%-nə nəzarət edir. Şirkət artıq əvvəlki illərdə də Azərbaycan neftini əlavə xammal mənbələrindən biri kimi istifadə edib.

2026-cı ildə yüksək neft və yanacaq qiymətləri yerli bazarın əsas mövzularından biridir. HELLENiQ ENERGY və Motor Oil yay aylarında benzin və dizelin topdansatış qiymətlərinin aşağı salınmasına ümumilikdə 40 milyon avro ayırıb. Eyni zamanda, güclü emal marjaları hər iki şirkətin birinci yarımildə gəlirliliyini yüksəldib.

 

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər