Səudiyyə Ərəbistanı ötən həftənin ortalarından bəri Asiya alıcılarına təxminən 100 milyon barel neft sataraq regionda mümkün xam neft çatışmazlığı riskini azaldıb. Banker.az bunu Bloomberg-ə istinadən xəbər verir.
Məlumata görə, neft oktyabr və noyabr aylarında Hörmüz boğazı vasitəsilə çatdırılacaq. Yükləri Çinin dövlət və özəl neft emalı zavodları, eləcə də Hindistan, Yaponiya və Cənubi Koreyadakı emal müəssisələri alıb.
Satılan həcm dünya üzrə təxminən bir günlük neft tələbinə bərabərdir və Səudiyyə Ərəbistanının son dövrdə Hörmüz vasitəsilə Asiyaya göndərdiyi həcmləri iki dəfədən çox üstələyir.
Səudiyyə Ərəbistanının Qırmızı dəniz istiqamətində ixracına imkan verən “Şərq-Qərb” neft kəməri sentyabrın 10-da baş verən hücumdan sonra hələ tam gücü ilə işləmir.
Səudiyyə Ərəbistanının dövlət enerji şirkəti “Saudi Aramco” kəmərin işini bərpa etməyə başlayıb və şənbə gününədək onun ötürmə qabiliyyətinin əhəmiyyətli hissəsini geri qaytarmağı planlaşdırır. Bu müddətdə şirkət Hörmüz boğazı üzərindən ixracı artırır.
Peyk məlumatları həftəsonu Fars körfəzində neft yükləmələrinin əhəmiyyətli dərəcədə artdığını göstərir. “Saudi Aramco” bəzi hallarda neftin Asiya alıcılarına çatdırılmasını özü təşkil etməyi də təklif edir.
Bazarda təklif artıq məhdud olduğundan Çin və Hindistan neft emalı zavodları bahalaşma səbəbindən emal həcmlərini azaltmağı nəzərdən keçirirlər.
İrandan tədarük ABŞ blokadası səbəbindən demək olar dayanıb, Rusiya neftinin alınmasına isə artan siyasi risklər fonunda daha ehtiyatla yanaşılır. Nəticədə Afrika və Latın Amerikasından neft uğrunda rəqabət güclənib.
ABŞ-İran müharibəsi başlayandan sonra daşınma riskləri də tədricən alıcılardan satıcılara keçir. Əvvəllər Fars körfəzi istehsalçıları nefti əsasən FOB şərtləri ilə satır, tankerin göndərilməsi və sonrakı nəqli alıcının üzərinə düşürdü.
İndi isə emal zavodları hücum risklərinə görə bölgəyə tanker göndərməyə daha az həvəs göstərirlər. Buna görə Körfəz ölkələrinin tədarükçüləri daşınmanı getdikcə daha çox öz üzərlərinə götürürlər. Bu prosesdə Fransanın enerji şirkəti “TotalEnergies”, qlobal treyderlər “Vitol” və “Trafigura”, eləcə də BƏƏ-nin dövlət enerji şirkəti “ADNOC” kimi şirkətlər də iştirak edir.







