10 C
Baku
Wednesday, December 11, 2024

SOCAR “Aİ-92” benzinin idxalına səbəbə aydınlıq gətirdi

“Aİ-92” markalı benzinin idxalına zərurət Heydər Əliyev neft emalı zavodunda (NEZ) aparılan təmir işləri ilə əlaqədar yaranıb və bu, müvəqqəti haldır.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2016-cı il tarixli Sərəncamı və eyni tarixli 307 və 308 saylı qərarları SOCAR-ın müraciəti əsasında Heydər Əliyev adına NEZ-də və “Azərikimya” İstehsalat Birliyində həyata keçirilən modernləşdirmə proqramı çərçivəsində zavodun təmirə dayanması ilə əlaqədar qəbul edilib. Adətən 25-30 təqvim günü ərzində davam edən təmir prosesinin bu dəfə modernləşdirmə işləri ilə bağlı bir qədər uzun çəkə biləcəyi nəzərə alınıb.

Qeyd edilir ki, təmirdən əvvəl Heydər Əliyev adına NEZ-də istehsal olunan “Aİ-92” markalı benzin ölkənin daxili tələbatını tam ödəyir və müəyyən ehtiyat yaranmasına da imkan verirdi. Avqust ayının 16-na olan məlumata əsasən, ölkə üzrə orta günlük istehlak 3 min 900 ton təşkil edib və bütün bu həcm yaranmış ehtiyat hesabına ödənilib. Hazırda 8-10 günlük ehtiyat da mövcuddur. Bu müddətdən sonra NEZ-də yığılan ehtiyatın bazar tələbatını ödəyə bilməyəcəyi nəzərə alınaraq, SOCAR Azərbaycan Respublikasının Nazirlər Kabinetinə daxili bazar tələbatını təmin etmək üçün idxal olunacaq “Aİ-92” markalı benzinin gömrük rüsumu və aksiz vergisindən azad edilməsi haqqında müraciət edib. Xahiş NEZ-in təmiri dövründə SOCAR-ın maliyyə itkilərinin minimallaşdırılması məqsədi daşıyıb. Çünki daxili bazarda benzinin qiyməti dövlət tərəfindən tənzimlənir və bu qiymətlər sabit qalacaq. İdxal olunan benzinin qiyməti isə neftin dünya bazarındakı qiymətlərindən asılı olaraq gündəlik dəyişir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2016-cı il tarixli Sərəncamı və göstərilən qərarları daxili bazarda sabitliyin qorunmasına və yanacaq təchizatında problem yaranmamasına xidmət edir. Yaxın 3-4 gün ərzində 4 min ton həcmində idxal benzini respublikaya gətiriləcək. Heydər Əliyev adına NEZ-də istehsalat prosesi bərpa olunana qədər bu iş davam etdiriləcək və ölkəyə benzin idxalı həyata keçiriləcək. Zavod işə düşdükdən sonra isə idxal dayandırılacaq.

AzərTac

Son xəbərlər
Digər xəbərlər