11 C
Baku
Wednesday, December 11, 2024

Yaponiya tarixində ən böyük hərbi büdcə layihəsi hazırlanır

Yaponiya hökuməti 2017-ci maliyyə ili üçün ölkə tarixində ən böyük hərbi büdcə layihəsini təqdim etməyə hazırlaşır. NHK televiziya kanalının verdiyi məlumata əsasən, sənəddə Şimali Koreyanın ballistik raketlərinə qarşı müdafiənin gücləndirilməsinə və Şərqi Çin dənizində Çin ilə mübahisəli adaların mühafizəsi üçün yeni sualtı qayığın inşasına xüsusi diqqət yetirilir. Bu barədə məlumatı AZƏRTACın  xüsusi müxbiri Vüqar Ağayev yazır.

Digər kütləvi informasiya vasitələrinin də bildirdiyi kimi, 2017-ci ildə müdafiə xərcləri üçün cari ildəkindən 2,3 faiz çox, təqribən 5 trilyon 160 milyard yen (təqribən 51 milyard 600 milyon dollar) vəsaitin ayrılmasına sorğu göndəriləcək.

Yaponiyada hərbi xərclərin artırılması ilk növbədə Koreya Xalq Demokratik Respublikasının (KXDR) həyata keçirdiyi raket sınaqları ilə əsaslandırılır. Xüsusən son sınaqlar zamanı 1000 kilometr məsafəni qət edərək Yaponiyaya məxsus iqtisadi zonaya çatan ballistik raket Tokio və Vaşinqtona onu məhv etmək üçün lazımi vasitələrə malik olmalarına baxmayaraq, ciddi siqnal olub.

NHK-nın məlumatına əsasən tələb olunan məbləğin 105 milyardı (təqribən 1,05 milyard dollar) yeni idarəolunan “Patriot” (PAC-3) raket komplekslərinin əldə edilməsi üçün nəzərdə tutulur.

Bununla yanaşı, yeni büdcədə ilk dəfə ABŞ-ın 1000 kilometr maksimal hündürlüyə malik “SM-3 Block IIA” zenit-raket qurğularının alınması və əvvəlcədən xəbərdar edən “Aegis” sisteminə malik gəmilərə yerləşdirilməsi də planlaşdırılır.

“Nikkey” qəzetinin yazdığına görə, cari payızda Havay adaları ərazisində sınaqdan keçiriləcək həmin raketlər artıq 2017-ci ildə kütləvi istehsala qəbul olunacaq.

“Sankey shimbun” qəzetinin məlumatına görə isə, göyərtəsində 300 kilometr məsafəli raketlərin olduğu sualtı qayıq artıq 2023-cü ildə Sankey adaları zonasında yerləşdiriləcək.

Yaponiyada növbəti maliyyə ili 2017-ci ilin aprelində başlayacaq. Yaponiyanın 2018-ci ilədək olan özünümüdafiə qüvvələrinin gücləndirilməsi planı orta hesabla bu sahəyə ayrılan vəsaitin ildə 8 faiz artırılmasını nəzərdə tutur. Gündoğar ölkədə müdafiə xərclərinin artırılmasına Baş nazir Şinzo Abenin 2012-ci ildə hakimiyyətə qayıtmasından sonra başlanılıb.

 

Son xəbərlər
Digər xəbərlər