10 C
Baku
Wednesday, December 11, 2024

Büdcə təşkilatlarında korrupsiya ilə mübarizə məqsədilə bölmə yaradılır

Azərbaycanda büdcədən maliyyələşən bütün təşkilatlarda korrupsiya ilə mübarizə məqsədilə bölmə yaradılır.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında bununla bağlı “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna Azərbaycan prezidenti tərəfindən təklif edilən yeni iki maddə müzakirəyə çıxarılıb.

Qanuna əlavə edilən yeni 11-1 maddəsində bildirilir ki, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı (o cümlədən elektron) və ya şifahi verilə bilər. Maddəyə əsasən, dövlət və bələdiyyə orqanlarında, büdcə təşkilatlarında (idarə, müəssisə və təşkilat) korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq vəzifəli şəxs və ya səlahiyyətli struktur bölmə müəyyən ediləcək.

Həmin idarə, müəssisə və ya təşkilatda çalışan işçilər korrupsiya əlaqədar hüquqpozmalarla bağlı məlumatları həmin səlahiyyətli struktur bölməyə verəcək.

Səlahiyyətli struktur bölmə daxil olan məlumatı qeydə aldığı gündən 20 iş günü müddətində araşdırıb, nəticəsini məlumat verən şəxsə bildirəcək.

Maddə 11-2-də isə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasını istəmədiyi halda səlahiyyətli struktur bölmə, idarə, müəssisə və ya təşkilatın rəhbəri, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını təmin etməlidir.

Maddədə həmçinin səlahiyyətli struktur bölməyə korrupsiya hüquqpozması ilə bağlı məlumat verən şəxsin özünə və ailəsinə edilə biləcək hər hansı hədə-qorxu və təzyiqdən dolayı dövlət müdafiəsi müəyyən edilir və bu hal baş verərsə məsuliyyətə cəlbetmə təsbit olunur.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

APA

Son xəbərlər
Digər xəbərlər