2016-cı ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 28 mlrd. 972,4 mln. manat təşkil edib ki, bu da ötən ilin yanvar-avqust aylarının göstəricisindən 8,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Yanvar-avqust aylarında Azərbaycanda orta illik inflyasiya 10,8% təşkil edib.
Statistik məlumatlara əsasən, hesabat dövründə əhalinin hər nəfərinə düşən nominal gəlirlər 7,4% – 3,012 min manatadək artıb.
Bu dövrdə bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 26 mlrd. 275,4 mln. manat qalır ki, bu da ötən ilin yanvar-avqust aylarının göstəricisindən 8,8% çoxdur.
Cari ilin yanvar-avqust aylarında əhalinin pul gəlirlərinin 78,2%-i son istehlaka, 9,3%-i vergi ödənişinə, 2,6%-i kreditlər üzrə faiz borcunun ödənilməsinə, 9,9%-i yığıma yönəldilib.
2015-ci ildə əhalinin nominal pul gəlirləri 5,7% artıb.








