11 C
Baku
Monday, November 25, 2024

Bir ayda 4 min iş yeri bağlanıb

2016-cı il oktyabrın 1-ə olan rəsmi bilgilərə görə, Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 516,4 min nəfərdir.

Bu haqda Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Rəsmi bilgilərdən işləyənlərin sayında azalmanın olduğu nəzərə çarpır.

Bu il sentyabrın 1-ə Azərbaycan iqtisadiyyatında muzdlu işçilərin sayı 1 milyon 520.2 min nəfər olmuşdu. Onlardan 887.8 min nəfəri dövlət sektorunda, 632.4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdi.

Rəqəmlərin müqayisəsi göstərir ki, təkcə sentyabrda 4000 iş yeri bağlanıb.

Muzdla işləyənlərin ən böyük hissəsi təhsil sektorunun payına düşür – 22 faiz.

İş yeri olanların 18,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi isə sənaye sektorunda çalışır.

Rəsmi statistikaya görə, yanvar-sentyabrda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı artıb. Artım əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz olub.

Bu günlərdə hökumətin iclasında prezident İlham Əliyev demişdi ki, 2016-cı ilin 9 ayında Azərbaycanda 154 min yeni iş yeri açılıb. Bunun 121 mini daimidir. Prezident bu dövrdə 36 min iş yerinin bağlandığını bildirirdi.

Ötən il Azərbaycanda iki dəfə devalvasiya baş verib. Nəticədə manat iki dəfə dəyər itirib. Sonuncu devalvasiyada (dekabrın 21-i) bir dollar bir manat 55 qəpik olmuşdu. İndi bir dollar bir manat 70 qəpiyə yaxınlaşıb.

Son xəbərlər
Digər xəbərlər