13 C
Baku
Sunday, November 24, 2024

Faiq Hüseynov: İqtisadi aktivlik üçün valyuta məzənnə dəhlizinin sabit olması vacibdir

Banker.az Oxu.Az-a istinadən, “Unibank” KB-nin İdarə Heyətinin sədri Faiq Hüseynov ilə müsahibəni təqdim edir.

– Ölkənin bank sektorunda mövcud durumu necə qiymətləndirirsiniz?

– Bütün prosesləri vaxt konteksti baxımından qiymətləndirmək lazımdır. Hər şey çox nisbidir. Sözsüz ki, müxtəlif istiqamətdə dəyişikliklər var. Bank sektorunda ciddi islahatlar davam etməkdədir. Bəzi bankların lisenziyası ləğv edilib. Digər bazar iştirakçıları isə cari fəaliyyətlərini yeni iqtisadi şəraitə uyğunlaşdıraraq öz fəaliyyətini stabil davam etdirirlər. Sualınızı “Dünyada və Azərbaycanda dəyişmiş iqtisadi vəziyyət kontekstində bank sektorunun vəziyyəti necədir?” kimi ifadə etsək, birmənalı şəkildə deyə bilərəm ki, indiki vəziyyət bir il və ya il yarım əvvəlki durumdan xeyli yaxşıdır. Eyni zamanda, görülməli işlər də çoxdur. Mövcud iqtisadi vəziyyətdən danışarkən yalnız bank sektorundakı durumun qabardılması mənim üçün bir az qəribədir… Ətrafa baxsaq, prinsip etibarilə, bütün iqtisadi sektorlarda ‒ xidmət, ticarət, tikinti və digərlərində vəziyyət əvvəlki kimi deyil və xeyli dəyişib.

Məsələ burasındadır ki, bank sektoru ölkə iqtisadiyyatının ən şəffaf sektorlarından biridir. Biz mütəmadi olaraq auditdən keçirik, fəaliyyətimiz müxtəlif reytinq agentlikləri tərəfindən qiymətləndirilir, banklar haqqında məlumatlar daha açıqdır. Üstəlik, əhalinin böyük bir hissəsi gündəlik həyatında banklarla sıx ünsiyyətdədir, banklar haqda bütün məlumatlar gözləri önündədir. Ölkədə aparılan iqtisadi islahatlardan, makro iqtisadi durumdan, neft sektorunda baş verən dəyişikliklərdən, valyuta məzənnəsindən və digər amillərdən asılı olaraq, bank sektorunda durumun necə olacağını təxmin etmək olar.

Hazırda bank sektoru intensiv iş şəraitində çalışır. Gündəlik olaraq baş verənləri izləyirik. Həm depozit portfeli, həm də kredit portfelini nəzarətdə saxlayırıq. Bazarda bu gün instusional inkişaf etmiş, uzun müddətdir bazarda çalışan, düzgün korporativ idarəçiliyi olan banklar qalıb və bu banklar vəziyyəti düzgün qiymətləndirirlər. Ötən ildən fərqli olaraq, bu il əmanətlərin dinamikasi daha sabit və proqnozlaşdırıla biləndir. Sektor üzrə kredit portfelinin keyfiyyəti, əlbəttə ki, xeyli dəyişib. Banklar, o cümlədən də biz, problemli kreditlərin restrukturizasiyası ilə bağlı davamlı proqramlar həyata keçirmişik və bu tədbirlər davam etməkdədir. Faizlərdə, kreditin müddətinin uzadılmasında bir sıra tədbirlər həyata keçirilib. Amma onu da unutmaq olmaz ki, bankların tətbiq etdiyi faiz dərəcələri bazar tərəfindən tənzimlənir.

– İslahatlar barədə qeyd etdiniz. Aparılan islahatlar vəziyyəti necə dəyişib?

– Baş verən devalvasiyalardan sonra banklara borcu olan müştərilər çətin vəziyyətə düşdülər. Banklar təcili restruktrizasiya işləri aparmağa, müştərilərlə fərdi qaydada işləməyə, onlara müəyyən güzəştlər edərək öz məhsul və xidmətlərinə yenidən baxmağa başladılar. Açığı, bunlara islahat deməzdim. Bu, yeni reallıqda bizim cari fəaliyyətimizdir.

Əgər iqtisadi sahədə aparılan islahatlar haqqında danışsaq, qeyri-neft sektorunda, bəzi fiskal orqanlarda baş verən dəyişiklikləri, gömrük prosedurlarının sadələləşdirilməsi və təkmilləşdirilməsi, iqtisadiyyatın bəzi sektorlarının demonopolizasiyasının baş verməsini qeyd edərdim. İnhisarçılığın aradan qaldırılması istiqamətində tədbirləri də islahatların vacib hissəsi adlandıra bilərəm.

– Cəmiyyətdə, xüsusilə də sosial şəbəkələrdə bankların fəaliyyəti ilə bağlı neqativ məlumatlar çoxdur. Belə xəbərlər gəzir ki, bağlanan banklarda kompensasiyaların verilməsində problemlər var və s. Əksər vətəndaşlar pullarını evdə yastığın altında saxlamağa üstünlük verirlər. Vətəndaş nə üçün inanıb öz pulunu banka yatırmalıdır?

– Gəlin ümumi vəziyyəti təhlil edərək belə bir sual verək: “Pulunu banka yatırmayıb, bəs nəyə sərf edəcəksən?” Hazırda pulu olan insanların öz vəsaitlərini idarə etmələri üçün maliyyə alətləri çox məhduddur. Evlər, avtomobillər, telefonlar, məişət texnikası və s. artıq alınıb. Axı məişət  istehlakı sonsuz olmur. Qiymətli kağızlar bazarı isə inkişaf mərhələsindədir. Digər tərəfdən, hazırda bu bazar peşəkar maliyyəçilər üçün daha maraqlı və cəlbedicidir.

Bəs pulla daha nə etmək olar? Ya banka depozit yatırmaq, ya da evdə yastığın altında saxlamaq. Gəlin, ən azı, elementar təhlükəsizlik qaydaları haqqında unutmayaq. Pulu evdə saxlamaq təhlükəlidir.

Bəli, mən də bununla bağlı ara-sıra müxtəlif fikirlərlə rastlaşıram. Sirr deyil ki, cəmiyyətdə informasiya, hətta dezinformasiya şayiələr və dedi-qodu formasında da yayılır. Amma mətbuatda mütəmadi olaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilən kompensasiyaların həcmi haqqında da rəsmi məlumatlar verilir. Mən banka sığortalanmış əmanət yerləşdirən və pulunu geri ala bilməyən adam tanımıram. Belə bir fakt yoxdur!

Vətəndaşların maliyyə savadlılığının artmasını da vurğulamaq istərdim. Maliyyə böhranı başladıqdan sonra, vətəndaşlarımızın iqtisadi savadlılığı artmağa başlayıb. İndi müştərilər daha çox sual verir, əldə etmək istədiyi xidmət və məhsul barədə ətraflı məlumat toplayırlar. Hətta seçdikləri bankın səhmdarlarının strukturuna belə diqqət yetirirlər. Kimdən soruşsan, neft və dolların qiymətini əzbər bilir.

Məsləhətə gəlincə, hansısa 3 və ya 5 vacib bənd sadalamaq çətindir. Amma ən azı, banka sığortalı əmanət yerləşdirsəniz, o pullardan otrü narahat olmağa dəyməz. Əmanətiniz sığortalanırsa, istənilən halda, pullarınız sizə qayıdacaq.

– Sizdən bir bankir kimi vətəndaşlara müraciət edib buyurun, gəlin, bizim xidmətlərdən yararlanın, bizimlə birlikdə qazanın kimi bir cavab gözləyirdim… 

– Məsələyə bir qədər dərindən yanaşaq. Burada ən vacib olan amil müştərinin seçimidir. Hər bir bank ümumi vəziyyəti haqqında ona məlumat verir, şərtlərinin üstünlüyünü, vəsaitlərinə təminat verdiyini bildirir. Biz də istisna deyilik. Qərar vermək müştərinin səlahiyyətindədir. Bir faktı da vurğulamaq istəyirəm ki, bazardakı vəziyyətin ən hərəkətli vaxtlarında, böhran dönəmində hər hansı narahat müştərimiz bizə yaxınlaşaraq depozitini götürmək istəyibsə, dərhal onun əmanəti özünə verilib. Get, sabah gəl, hazırda dollar yoxdur və s. kimi cavablar almayıb. “Unibank” hər bir müştərisinin qarşısında olan öhdəliklərini tam yerinə yetirib və yetirməyə hazırdır. Son iki ildən söhbət gedirsə, biz müştərilərimiz qarşısında  öhdəliklərimizi fasiləsiz şəkildə, heç kəsi gözlətmədən yerinə yetirmişik. Depozitlərdən, hansısa hesabdan müştərinin pulunun çıxarılması zamanı heç bir gecikdirmə faktı yoxdur! Mən bunu sizə əminliklə deyirəm!

– Vətəndaşlara pullarını hansı valyutada saxlamağı məsləhət görürsünüz?

– Yəqin ki, multivalyuta səbətində saxlamaq ən optimal variantdır. Dollar, avro və manat seçimi düzgün olardı. Belə olduqda valyuta məzənnəsində baş verən dəyişikliklər müştərinin iqtisadi durumuna təsirsiz ötüşə bilər.

– Devalvasiyalardan öncə yüksək kredit faizləri ilə xeyli gəlir əldə edən banklar devalvasiyalardan sonra çətin vəziyyətə düşən müştərilərinə kömək etdilərmi?

– Əlbəttə, bütün banklar belə addım atdılar. Bankların restruktrizasiya üzrə proqramları var. Faiz dərəcələri azaldıldı, ödəniş müddətləri artırıldı. Bilirsiniz, banklar haqqında müxətlif fikirlər var. Çətin vəziyyətdə hamı günahkar axtarmağa çalışır. Bu fikirlər çox vaxt subyektiv və əsassız olur.

Bununla yanaşı heç kim demir ki, son dövrdə kommersiya bankları ölkə iqtisadiyyatına 80 milyard ABŞ dollarından artıq vəsait ayırıblar. Bu kreditlər hesabına tikilən binalar, yeni açılan bizneslər və iş yerləri ölkə iqtisadiyyatına öz töhfəsini verib.

Belə bir fikir də var ki, banklar xaricdən aşağı faizlərlə pul alıb, daha baha satırdılar. Ancaq bizim xərclər barədə kimsə danışmır. Baxın, son 5-6 ildə banklar ölkədə ən sabit və iri vergi ödəyicilərindəndir. Biz ölkədə rəsmi əmək haqlarından və mənfəətimizdən kifayət qədər çox vergi verən azsaylı sektorlardan biriyik. Bunu xüsusi olaraq qeyd edirəm. Bank sektoru böyük işçi ordusuyla ölkədə məşğulluğun təminatında çox ciddi rol oynayır. Bank əməkdaşlarının yaş strukturuna baxsanız, əksəriyyətinin gənc və savadlı mütəxəssislər olduğunu görərsiniz.

Dediyim bu faktları digər sektorlarla müqayisə edin. Təbii, mənfəət əldə etmək də bir məqsəddir. Qazandığımız pulları kapitala yönəldib investisiya imkanlarımızı daha da genişləndirmişik.

– Vaxtilə “Unibank” bir neçə bankın birləşməsi nəticəsində yarandı. Hazırda yerli banklar birləşməyə meyilli deyillər. Birləşmənin müsbət tərəflərini görən bankir kimi, bankların birləşmə çağırışlarına cavab verməməsinin səbəbini necə şərh edə bilərsiniz? 

– Vaxtilə “Unibank” məhz belə bir sinerji nəticəsində yaranmış, xarici investorları cəlb etmiş və bu gün ölkə iqtisadiyyatında indiki yerini qazanmışdır. Bankların birləşməsi həm yaxşı, həm də pis nəticələr verə bilər. Bu haqda qəti fikir söyləmək mümkün deyil.

Onu da deyim ki, son 5 ildə bir-iki dəfə birləşmə haqqında fikirlərimiz olub. Söhbətin hansı banklardan getdiyini deyə bilmərəm. Hər şey birləşmədən nə gözləyəcəyindən asılıdır. Əgər söhbət 2000-ci illərdə qazandığımız təcrübədən gedirsə, biz daha böyük bank olmaq üçün birləşdik. Nəticədə, Avropa Yenidənqurma və İnkişaf Bankı, Almaniya İnvestisiya Şirkəti “Unibank”ın səhmdarı oldu, inkişaf üçün ciddi təkan aldıq. . Gündəmdə birləşmə planlarımız yoxdur. Ancaq heç vaxt birləşmə imkanlarının mümkünlüyünü inkar etmirik.

– “Unibank” əvvəllər daha çox korporativ bank idi, sonradan bank daha çox istehlak kreditləri istiqamətində aktivləşdi. Bankın strategiyası dəyişdi. Peşman deyilsiniz ki?

– Azərbaycanda istehlak kreditləşməsi son 5-6 ildə yaranıb və inkişaf etməyə başlayıb. Bu, ölkə bazarı üçün yeni istiqamət və imkanlar demək idi. Bir neçə il öncə bəzi banklar, eləcə də bizim bank öz strategiyasına yenidən baxaraq dəyişikliklər etdi. Bu istiqamət bizim üçün yeni bir sahə oldu. Riteyl bankinq bizim üçün sağlam diversifikasiya deməkdir. 2008-ci ilin dünya maliyyə böhranı ilk növbədə korporativ sektora ciddi zərbə vurmuşdu. Biz bundan nəticə çıxararaq yalnız bir sektorda təmsil olunmağın düzgün olmadığı qənaətinə gəldik.

Ancaq onu da qeyd edim ki, bir sıra banklarda istehlak kreditlərinin verilmə fotmatı düzgün deyildi. Tək şəxsiyyət vəsiqəsi ilə götürülən kreditlər daha sonra həm müştəri, həm də bank üçün problemə çevrilirdi. Bugünkü formatı daha effektiv hesab edirəm. Gərək bu proses daha sivil formada olsun. Bu sahədə əhalinin iqtisadi savadlılığının əvvəllər aşağı olması da öz sözünü deyirdi. Bir cavan oğlan iki bahalı smartfon alırdı. Bir bankdan götürülən kredit bağlanmamış, ikinci borclanma baş verirdi. Belə misallar, bildiyiniz kimi, çoxdur.

– Bank sektorunun gələcək perspektivləri barədə nə deyə bilərsiniz? Bizi gözləyə biləcək ən bədbin və ən optimist ssenarilər nə ola bilər?

– Əlbəttə ki, maliyyə sektoru iqtisadiyyatın ən vacib sahələrindən biridir. Ancaq bankların gələcək inkişafını ölkə iqtisadiyyatından ayrı təsəvvür etmək mümkün deyil. 1998-ci il, 2008-ci ildəki böhranları xatırlayaraq onu demək istəyirəm ki, hər bir böhranın əvvəli və sonu olur. Hazırda bir sıra ölkələrdə ciddi böhran hökm sürür. Böhran tsiklik olaraq baş verir və sinusoidi xatırladır. Təbii ki, hər bir böhrandan sonra “hava” düzəlir. Xüsusilə qeyd etmək istəyirəm ki, əgər ölkə düzgün iqtisadi model qurursa, böhran zamanı düzgün qərarlar qəbul edirsə, onun inkişafdan başqa, heç bir yolu qalmır. Qərarlar vaxtında və operativ qəbul olunmazsa, bu, mənfi nəticələrə gətirib çıxara bilər.

Azərbaycan təbii sərvətləri, iqlimi, geolokasiyası, insanlarının əməksevərliyi baxımından çox şanslıdır. Bizim uğursuz olmaq şansımız minimaldır. Əlbəttə ki, dediyim kimi, vaxtında və operativ qərarlar qəbul etsək. Mən optimistəm. Qeyri-neft sektoru üçün geniş imkanlar açılıb, dəstək var. Bir sıra iş adamları aqrar sektora investisiya yatırmağa başlayıblar.

Bank sektorunun bu gün manata ehtiyacı var. Şübhəsiz ki, banklar indiki məqamda qeyri-neft sektorunun inkişafında aktiv iştirak etməlidirlər. Qeyri-neft sektoru isə manata ehtiyac duyur. Bu sektorun maliyyələşdirilməsi üçün də, təbii ki, banklara da manat lazımdır.

İqtisadi stabillik üçün valyuta kursunun sabit olması vacibdir. Demirəm ki, konkret olaraq dollar 1,05, 1,65, 1,85 və sairə olmalıdır. Elə bir məzənnə olmalıdır ki, onun çərçivəsi bəlli olsun. İstənilən investor üçün yatıracağı sərmayə və onun idarə olunmasının proqnozlaşdırılması vacibdir. Hər bir biznes proqnozlar üzərində qurulur. Əgər investor gələcəkdə xərclərini proqnozlaşdıra bilmirsə, deməli, onun sərmayə yatırması da sual altında olacaq. Qeyd olunan məsələlər və hökumətin iqtisadi islahatları, inanıram ki, öz nəticəsini verəcəkdir.

Böhran çətinliklər və imkanlar deməkdir. İndi biz bütün qüvvəmizi heç vaxt olmadığı qədər toplamalı, iş metodikamıza yenidən baxmalı və effektiv işləməliyik. Sürətlə irəli getmək zamanıdır. Bu bazar iştirakçılarının hər birinə aiddir. Bu vəziyyətdə dövlətin rolu əvəzolunmazdır. Bu mərhələdə özəl sektorla dövlətin effektiv və  operativ şəkildə qarşılıqlı fəaliyyəti ən vacib məsələlərdən biridir.

Son xəbərlər
Digər xəbərlər