“Kommunal xidmətlərin bahalaşması insanlara əlavə yük olacaq. İstər-istəməz digər məhsulların qiyməti də artacaq və ciddi problemlər yaranacaq”. Bunu deputat Vahid Əhmədov 2017-ci il dövlət büdcəsinin parlamentin komitələrinin bugünkü birgə iclasında aparılan müzakirələr zamanı bildirib.
Onun sözlərinə görə, əhalidən kommunal xidmətlər üzrə ödənişlərin yığılması ən yaxşı halda 75%-ə çatırdı və bahalaşma buna heç də müsbət təsir etməyəcək. Kommunal ödənişlərin artırılmasından isə 300 mln. manat əlavə gəlir əldə olunması nəzərdə tutulur.
Bununla yanaşı, millət vəkili özəlləşdirmə proqramının bəzi mənfi məqamlarının da diqqətdə saxlanılmasını vacib sayır: “Təkcə dəmir yolunda 3 500 həkim işləyir, bunlar nə olacaq. Bu insanlara əlavə iş yeri və yaxud 3 aylıq kompensasiya verilməlidir”.
“Elm xərclərinə yenidən baxmaq lazımdır. Hüquq-mühafizə orqanlarına ayrılan büdcə vəsaitinin yoxlanılması həyata keçirilmir. Həmçinin, vəsaitin şəffaflığı üzərində mexanizmin qurulması vacibdir. Çünki bu sahəyə ayrılan vəsait büdcənin 17%-ni təşkil edir. Bundan başqa, sair xərclərdə artım görürük – 4 dəfə və bu, o qədər də yaxşı hal deyil”.
“Məhdudlaşdırılmamış maliyyə siyasəti aparılmalıdır. Manat öz yerini tutmalıdır. Mərkəzi Bankın bu istiqamətdə siyasəti düzgündür. Banklar kredit vermir, kreditləşmə faktiki olaraq dayandırılıb. Bu sektorun sağlamlaşdırılması daha geniş aparılmalıdır”, – deyə V.Əhmədov qeyd edib.