1 C
Baku
Saturday, December 14, 2024

Tarif Şurasının yeni qərarı Milli Məclisdə etiraza səbəb oldu

Aztəminatlı əhaliyə verilən ünvanlı sosial yardımların kəsilməsi təklif olunur

Milli Məclisin növbəti plenar iclası keçirilir. Sputnik xəbər verir ki, iclasda büdcə müzakirələri davam edir. Millət vəkili Jalə Əliyeva deyib ki, dünyada baş verən böhran Azərbaycandan yan keçə bilməzdi: “Bu gün ölkədə müvafiq tədbirlər görülür. Bununla belə, həllini gözləyən bir sıra məsələlər var. Ümid edirik ki, 2017-ci ilin dövlət büdcəsinin gərginliyi ölkə başçısının tapşırığı ilə həyata keçirilən sosial evlərin tikintisini ləngitməyəcək”.

Deputat qeyd edib ki, icbari tibbi sığortanın bütün ölkədə ən qısda zamanda tətbiq edilməsi mühümdür. O, həmçinin Azərbaycanda məişət zorakılığına məruz qalan qadınlar üçün xüsusi mərkəzlərin tikilməsini təklif edib.

“Çox təəssüf ki, ölkəmizdə hələ də məişət zorakılığı hallarına rast gəlinir. Bəzən qadınlar həyat yoldaşları və ya digələri tərəfindən zorakılığa məruz qalırlar. Onların getməyə yeri olmadığından, bu hallar ağır nəticələrə gətirib çıxarırır. Bu baxımdan, belə halların qarşısının alınması məqsədilə ölkəmizdə xüsusi mərkəzlər və sığınacaqlar yaradılsa, yaxşı olar”, — J. Əliyeva vurğulayıb.

Millət vəkili Tahir Rzayev isə, bəzi vəzifə sahiblərinin işçilərini ixtisar etmələrinə etiraz edib: “Kitabxanaçının, xadimənin ixtisari haqsızlıqdır. Onların maaşı onsuz da cüzi məbləğdir və həmin pulla neçə ailə dolanır. İşçiləri ixtisar edirlər, özlərinə müşavirlər təyin edirlər, bahalı maşınlar sürürlər. Özəl sektor inkişaf etdirilməlidir”.

Millət vəkili Musa Quliyev isə büdcənin gəlir və xərclərinin azalmasına diqqət çəkib: “Gələcəkdə daha geniş büdcə tərtib etməkdən ötrü, büdcənin artırılması barədə düşünməliyik. Bu yol qeyri-neft sektorunun inkişafından keçir. Büdcədə sosial xərclər 40,3 faiz təşkil edir və ötən ilə nisbətən yüksəkdir”.

Deputat daha bir ilginc açıqlama verib: “Ünvanlı sosial yardımından imtina etməyin vaxtı gəlib çatıb. Hökumət bu barədə düşünmməlidir. Nə qədər şəffaf olsa da, ortada insan faktoru var. İstənilən halda büdcədən yayınmalar ortaya çıxır”.

Millət vəkili Yevda Abramov isə Tarif Şurasının fəaliyyətinə toxunub: “Tarif Şurasında bir millət vəkili olmalıdırmı? Tarif Şurası qərar qəbul edərkən hansı arqumentləri əsas götürür? Deyirlər, bu qərar aztəminatlı ailərə təsir etməyəcək, mən buna inanmıram. Azərbaycanda əhalinin yoxsulluq səviyyəsi yüksəkdir, ona görə də elektrikdən, təbii qazdan az istifadə edirlər. Belə bir vaxtda xalqın boğazından tutub çətinliyə sürükləmək doğru deyil. Bilmirəm, məmurlar, bəzi insanlar qərar qəbul edəndə xalqı düşünürlərmi?”.

Son xəbərlər
Digər xəbərlər