Bankların valyuta alışını dayandırması valyuta bazarında və “qara bazar”da ciddi ajiotaj yaradıb. Bu gün “Amrahbank”ın rəsmi surətdə dollar almaqdan imtina etməsi vəziyyəti bir qədər də gərginləşdirib.
Bu gün “qara bazar”da dollar satışı dayandırılıb. Mənbənin məlumatına görə, müəyyən miqdarda alış həyata keçirilsə də, valyuta satılmayıb. Bu da vətəndaşların, xüsusilə, idxalla məşğul olan iş adamlarının işini çətinləşdirib.
Onu da deyək ki, bu gün iqtisadçı-ekspert Vüqar Bayramov “qara bazar”ın ləğvini gündəmə gətirib:
“Mərkəzi Bank valyutadəyişmə məntəqələrinin ləğvini məhz “qara bazar”ın aradan qaldırılması üçün etmişdi. Amma bu qərar tam əksinə olaraq, “qara bazar”ın bir az genişlənməsinə səbəb oldu.
Kommersiya bankları dollar satışını məhdudlaşdırıb. Amma apardığımız monitorinqlər göstərir ki, “qara bazar”dakı dolların əksəriyyəti kommersiya banklarından gəlir.
Çünki “qara bazar”ın özü dollar almaq imkanına malik deyil. Kommersiya banklarının özləri də əhaliyə dollar satmağa maraqlı deyil. Bu səbəbdən banklar dolları daha yüksək məbləğdə “qara bazar” vasitəsilə vətəndaşlara satır”.
Ekspert bildirib ki, hər bir kommersiya bankına görə rəsmi dollar statusunun müəyyənləşdirilməsinə ehtiyac var.
“Onun hərracda alınan dollarla müqayisə edilməsinə ehtiyac var ki, “qara bazar” yaranmasın. Çünki vətəndaş dolları bankdan almalıdır. Ölkəyə gələn turistin “qara bazar”dan xəbəri yoxdur.
O, bankdan dollar almaq istəsə də, bunu edə bilmir. Buna görə də “qara bazar”ın ləğvi vacibdir. Orada saxta dolların satılması və vətəndaşın aldadılması riski də yüksəkdir. “Qara bazar” qanunla tənzimlənmir.
Amma kommersiya bankları onun fəaliyyətinin davam etməsində olduqca maraqlıdır. Çünki banklar dollar satmadığı halda vətəndaş oradan dollar almaq məcburiyyətində qalacaq”.
Oxu.az