Almaniyanın Deutsche Bank və İsveçrənin Credit Suisse bankları 2008-ci ildə baş vermiş böhranın səbəblərindən biri olan ipoteka qiymətli kağızları ilə əməliyyatlara görə ABŞ rəhbərliyinə 12,5 milyard dollar cərimə ödəyəcək.
Amerikanın Ədliyyə nazirliyi ilə bir neçə aylıq danışıqlardan sonra Deutsche Bank ABŞ-a 7,2 milyard dollar, Credit Suisse isə 5,28 milyard dollar ödəməyə razılıq verib. İsveçrə bankı bildirib ki, bu məbləği 5 il ərzində ödəyəcək.
2016-cı ilin sentyabr ayında ABŞ Ədliyyə nazirliyi alman bankından daşınmaz əmlak üzrə qiymətli kağızlarla əməliyyatlara görə 14 milyard dollar ödəməyi tələb etdi. Bunun ardınca Deutsche Bank bankının səhmləri 6% ucuzlaşdı və tarixi minimuma endi. Bu zaman Credit Suisse bankından 5 milyard dollardan 7 milyard dollara qədər ödəmək tələb olunmuşdu.
Bundan bir qədər əvvəl, Bank of America Amerika rəhbərliyinə ipoteka qiymətli kağızları ilə əməliyyatlara görə 17 milyard dollar təzminat ödəmişdi. Qeyd edək ki, Sachs 5,1 milyard dollar, JPMorgan Chase 13 milyard dollar, Citigroup isə 7 milyard dollar ödəməyə razılıq verib.