Orxan Xanlar oğlu Bayramov Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında Baş katib vəzifəsinə təyin olunub. Bu barədə Banker.az-a qurumdan xəbər verilir.
Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə-kredit” fakültəsini (bakalavr) 2008-ci ildə bitirən Orxan Bayramov hal-hazırda “Maastricht School of Management”-də EMBA proqramı üzrə təhsilini davam etdirir.
Orxan Bayramov əmək fəaliyyətinə 2006-cı ildən sığorta sahəsində başlamışdır. 2013-cü ildən 2017-ci ilədək isə Azərbaycan Sığortaçılar Assosiasiyasında sədr vəzifəsində çalışmışdır. İngilis, türk, rus dillərini bilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) 5 mart 1999-cu ildən təsis edilmişdir. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına kömək edən qeyri-hökumət təşkilatıdır. Hal-hazırda 6000-dən artıq sahibkarlıq subyekti, o cümlədən 70-ə qədər iqtisadi və sosial yönümlü Assosiasiyalar, Holdinqlər, Birliklər, İttifaqlar, iri şirkətlər, banklar, sığorta təşkilatları və qruplar Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvüdür.