12 C
Baku
Thursday, November 14, 2024
Home İqtisadiyyat Ümumi iqtisadi xəbərlər Deputat: Toyuq və yumurtanın qiyməti subyektiv səbəblərdən bahalaşıb

Deputat: Toyuq və yumurtanın qiyməti subyektiv səbəblərdən bahalaşıb

0
Deputat: Toyuq və yumurtanın qiyməti subyektiv səbəblərdən bahalaşıb

“Azərbaycanda dolların bahalaşması, əlbəttə, qiymətlərə təsir göstərəcək”.

Bu barədə Oxu.Az saytıma açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov dolların bahalaşmasının istehlak məhsullarının qiymətinə təsirlərini şərh edərkən deyib.

“Hazırda əsas hədəf Azərbaycan prezidentinin qəbul etdiyi “Strateji Yol Xəritə”si və Azərbaycan Mərkəzi Bankının (AMB) qəbul etdiyi qərarlara əsasən, “üzən məzənnə”yə tamamilə keçməkdir. Bu məsələ istiqamətində hazırlıq gedir. Belə ki, manatın müəyyən hissəsi, hələ ki, qorunub saxlanılır.

Artıq ilin ikinci yarısından isə “tam üzən məzənnə”yə keçiriləcək. Bundan sonra, manat bir qədər də ucuzlaşacaq və bu qiymətlər də öz təsirini göstərəcək”, – deyə deputat qeyd edib.

V.Əhmədov bildirib ki, yerli məhsulların qiymətində ciddi artımın olması gözlənilmir:

“Məsələn, elə məhsullar var ki, Azərbaycanda istehsal olunur, onların qiymətində ciddi problem olmamalıdır, çünki onlar manatla alınıb-satılır.

Lakin elə məhsullar var ki, onların özü və tərkibinə qatılan müəyyən komponentlər də xaricdən alınır. Əlbəttə, onlarda bahalaşma gözləniləndir”, – deyə deputat sözlərinə əlavə edib.

O qeyd edib ki, bahalaşmanın həm obyektiv, həm də subyektiv səbəbləri ola bilər:

“Obyektiv bahalaşma odur ki, xaricdən dollarla nəsə alırsan. Əlbəttə, onu manata çevirəndə daha baha satırsan. Bu, başadüşüləndir. Ancaq bir nüans da var ki, xaricdən heç nə almadığın təqdirdə, məhsulun qiymətini daha da bahalaşdırırsan. Bu isə süni qiymət artımıdır”.

Deputat qeyd edib ki, son dövr müşahidələrinə əsasən, toyuq və yumurtanın qiyməti subyektiv olaraq bahalaşıb.

V.Əhmədov təklif edir ki, bu istiqamətdə İqtisadiyyat Nazirliyi müəyyən addımlar atmalıdır.