Əsası Estoniyada “Skype” və “Transferwise” kimi layihələrdə çalışmış insanlar tərəfindən qoyulmuş “Taxify” fevral ayının ortalarında Bakıda xidmətə başlayacağını elan etdi.
“Taxify”ın əməliyyat meneceri Naim Əzizovun dediyinə görə, bu servis istədiyi yerə təsdiq olunmuş sürücülər vasitəsilə sürətli və rahat formada çatmaq istəyənlər üçündür.
Tətbiqetmə ilk vaxtlar daha çox taksilərə fokuslansa da, qısa müddətdə Avropanın və Afrikanın ən böyük sürücü xidməti şəbəkəsinə çevrildi. Şirkət keyfiyyət standartlarını hər şeydən üstün hesab edir, buna görə də yalnız kriminal keçmişi olmayan, ağır avtomobil qəzası keçirməyən, sığortası olan, ən azı iki il sürücülük təcrübəsinə sahib, yeni və səliqəli avtomobil sahibi sürücülərlə çalışır.
Sürücülərdən daha kiçik xidmət haqqının tutulması isə “Taxify”ın rəqiblərindən digər üstünlüyü kimi qəbul oluna bilər. Bu üstünlük geniş sürücü şəbəkəsinə sahib olmaq deməkdir.
“Taxify” nağd, tətbiqdaxili (bank kartı), korporativ ödəmə üsulları kimi geniş seçimlər təklif edir. Bu da müştərilərin rahatlığı və təhlükəsizliyi üçün vacib amillərdən biridir.
“Meydanda bir neçə oyunçu üçün yer var. Bu kimi xidmətlər hər zaman hər yerdə müvəfəqiyyətli olmur, bu isə bir oyunçunun hegemonluğu ilə bağlıdır. Biz “Taxify” xidmətinin sağlam rəqabət yaradacağına və bununla da xidmət keyfiyyətinin artmasına, qiymətlərinsə azalmasına səbəb olacağına inanırıq”, – deyə Naim Əzizov deyir.
“Taxify” tətbiqi həm “iOS”, həm də “Android” platformalı smartfonlar üçün mövcuddur. Şirkət 2013-cü ildə Estoniyada yaranıb və hazırda 17 ölkədə xidmət göstərir; Estoniya, Latviya, Litva, Finlandiya, Ukraniya, Çexiya, Polşa, Macarıstan, Rumuniya, Slovakiya, Serbiya, Gürcüstan, Meksika, Cənubi Afrika, Keniya və Nigeriya.
Hazırda bəzi yeni ölkələrdə xidmətin istifadəyə verilməsi ilə bağlı hazırlıqlar gedir. “Taxify Skype”, “Pipedrive”, “Adcash”, “Rubilight”, “TMT Investment” və digər şirkətlərin investorlarından 1,5 milyon dollar investisiya əldə edib.