Dəyişiklik: Vergi Məcəlləsinin 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilir
Dəyişikliyin mahiyyəti: 2017-ci ildən etibarən təyinatı üzrə istifadə edilən və ya
irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının vergi dərəcələri torpaqların təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti ballar əsasında torpaq sahəsinin hər bir hektarına görə hesablanır. Bir şərti balın qiyməti 6 qəpikdir (şərti ballar Nazirlər Kabineti tərəfindən müəyyən edilir).
Kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan, lakin təyinatı üzrə istifadə olunmayan
torpaqlar üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2
manat müəyyən edilir.
Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd
təsərrüfatı torpaqları Nazirlər Kabineti tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında
müəyyən edilir.
Misal 1. Kürdəmir rayonunun Muradxan kəndində fiziki şəxsin mülkiyyətində II keyfiyyət qrupuna aid olan 2,5 hektar kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulan əkin sahəsi vardır. Bu keyfiyyət qrupu üzrə torpağın 1 ha üçün şərti bal 75 müəyyən edilmişdir. Fiziki şəxs qeyd ediln torpaq sahəsinin 2 hektarını taxıl əkini üçün, qalan 0,5 hektarını isə təyinatına uyğun olmayaraq balıqçılıq təsərrüfatı üçün istifadə edir.
Bu halda fiziki şəxsin təyinatı üzrə istifadə edilən 2 ha torpaq sahəsinə 9 manat (1 ha əkin sahəsinin şərti balı 75 x 0,06 manat x 2 ha), təyinatı üzrə istifadə edilməyən 0,5 ha torpaq sahəsinə görə isə 100 manat (5000 kv.metri/100) *2 manat) torpaq vergisi hesablanacaqdır.
Misal 2: Yevlax rayonunda kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulan, lakin istifadə olunmayan 2 hektar torpaq sahəsinə görə torpaq vergisi aşağıdakı qaydada hesablanacaq:
(20,000/100) * 2 = 400 manat.
Qeyd: Müəssisələrin və kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan, lakin təyinatı üzrə istifadə olunmayan torpaqlar üzrə fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.