“Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) bu il dövriyyəyə buraxdığı 10 mln. manatlıq istiqrazlar ilkin bazarda əldə edildikdən cəmi 12 gün sonra geri qaytarılıb. Bu barədə Fonddan bildirilib.
Məlumata görə, AİF-in hər birinin nominal dəyəri 1 000 manat olan olan 10 min ədəd istiqrazı 3 600 gün müddətinə, illik cəmi 3% gəlirliliklə emissiya edilib. Azərbaycan manatının məzənnəsi ilə bağlı qeyri-müəyyənliyin olduğu və milli valyuta ilə bank əmanətlərinin illik gəlirliliyinin 15% ətrafında dəyişdiyi bir şəraitdə ipoteka qiymətli kağızlarına investor tapmaq mümkün olmayıb. Vəziyyətdən çıxış yolu kimi istiqrazların ölkənin maliyyə qurumlarından birinə (“PAŞA Bank” ASC olduğu bildirilir – “Report”) satılmasına, bundan dərhal sonra isə istiqrazlar üçün likvidliyi təmin etməli olan Azərbaycan Mərkəzi Bankının (AMB) onları almasına qərar verilib.
Beləliklə, yanvarın 27-də AİF-in istiqrazları Bakı Fond Birjasında yerəşdirilib və ilkin bazarda realizə edilib, fevralın 8-də isə onlar təkrar bazara çıxarılıb və AMB tərəfindən alınıb. Bu proses “PAŞA Kapital” investisiya şirkətinin anderrayterliyi ilə baş tutub.
AMB-dən “Report”a verilən açıqlamada bildirilir ki, AİF-in yaradılması haqqında ölkə prezidentinin 27 oktyabr 2015-ci il tarixli fərmanına uyğun olaraq qurum fondun istiqrazlarının likvidliyinin təmin olunmasına dəstək verir. Fərmanın icrasını təmin etmək məqsədi ilə, eyni zamanda ipoteka kreditləşməsinin sosialyönümlü layihə kimi əhəmiyyəti nəzərə alınaraq 10 mln. manatlıq istiqrazların təkrar bazarda alışı həyata keçirilib.