Asiya İnkişaf Bankı (ADB) Azərbaycana dair biznes planını əcnəbi kreditlərlə bağlı ortaya qoyulan yeni meyarlara görə yeniləməyi nəzərdə tutur.
Bu barədə ADB-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Nəriman Manafbekov bildirib:
“Bu ay ərzində planı təkmilləşdirib tamamlamağı nəzərdə tuturuq, daha sonra razılaşdırma mərhələsi başlayacaq. Lakin biznes planı hər halda xeyli dərəcədə təsdiqlənmiş variantda qalacağını, dəyişikliklərin az olacağını deyə bilərəm”.
Xatırladaq ki, iyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bank rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib. Dövlət başçısı ADB-ni bərpa olunan enerji və Şimal – Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Rusiya sərhədindən İran sərhədinədək olan dəmir yolu xəttinin bərpa olunmasına cəlb etməkdə maraqlı olduqlarını qeyd edib.
Bundan əlavə Naxçıvan MR-də suvarma və irriqasiya sisteminin təkmilləşdirilməsi üçün ADB-dən 100 milyon ABŞ dollarınadək kredit götürməyi düşündüklərin bildirən dövlət başçısı bütün ölkə boyu irriqasiya sisteminin yenidən qurulmasına dair layihələrdə ADB-nin iştirak edə biləcəyini qeyd edib. Həmçinin kiçik və orta sahibkarlıq subyektlərinə kredit xətlərinin açılması, peşə təhsilinin inkişafı sahəsində layihələrə də bankın vəsaitlərini cəlb etmək üçün danışıqlar aparıldığı diqqətə çatdırıldı.
ADB prezidenti Masatsuqu Asakava da iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsinə və inklüziv artımın təşviqinə, koronavirus böhranından tez bir zamanda iqtisadiyyatın bərpa olunmasına yönəlmiş strateji inkişaf gündəliyinə verdiyi dəstəyi davam etdirəcəklərini qeyd edib: “COVID-19-la bağlı vəziyyətə gəldikdə, mənə hökumətiniz tərəfindən pandemiya əleyhinə atılan qabaqlayıcı tədbirlər, ölüm hallarının aşağı səviyyədə olması və aparılan test sayının artması barədə məlumat verilib. Bu, onu nümayiş etdirir ki, ölkədə səhiyyə sahəsində risklər çox yaxşı idarə edilir. Cari ilin ilk 4 ayı ərzində ölkənizin makroiqtisadi göstəriciləri kifayət qədər sabit olmuşdur. Dövlət büdcəsinə daxilolmalarda artımın olması təqdirəlayiqdir, lakin ilin ikinci yarısında güclü azalma riskləri ehtimalı mövcuddur”.