Putin doğum səviyyəsinin artırılmasını Rusiya üçün ciddi çağırış adlandırıb

Rusiya Prezidenti Vladimir Putin ölkədə demoqrafik vəziyyətin yaxşılaşdırılması və doğum səviyyəsinin artırılması ilə bağlı bir sıra açıqlamalar verib.

Putin ölkənin 1990-cı illərdən sonra demoqrafik vəziyyəti yaxşılaşdırmaq təcrübəsinə malik olduğunu və bu təcrübəni mütləq təkrarlayacağını bildirib.

Onun sözlərinə görə, Rusiyada doğum səviyyəsi ən pis göstəricilərdən biri deyil, lakin daha yaxşı nəticələr göstərən ölkələrin təcrübəsinə istiqamətlənmək lazımdır.

Putin hesab edir ki, Rusiyada doğum səviyyəsinin artırılması üçün ailələr və gənc qadınlar üçün müvafiq stimullar yaradılmalıdır.

Rusiya Prezidenti demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün cəmiyyətin düşüncəsində dəyişikliklərə və buna uyğun informasiya siyasətinə ehtiyac olduğunu vurğulayıb.

“Hakimiyyət Rusiyada demoqrafiya məsələsinə milli təhlükəsizlik məsələsi kimi yanaşır”, – Putin deyib.

O, doğum səviyyəsinin artırılmasını Rusiya üçün ciddi çağırış adlandırıb.

Putin Rusiyanın region ölkələri ilə müqayisədə doğum səviyyəsinə görə ən pis vəziyyətdə olmadığını da bildirib.

Rusiya-Ukrayna müharibəsinin ölkənin demoqrafik vəziyyətinə təsir etdiyini etiraf edən Putin problemin yalnız bununla bağlı olmadığını qeyd edib.

“Əlbəttə, xüsusi hərbi əməliyyat Rusiyada demoqrafik vəziyyətə müəyyən şəkildə təsir edir. Amma məsələ bunda deyil. Axı Yaponiyada heç bir xüsusi hərbi əməliyyat yoxdur, Cənubi Koreyada da yoxdur. Buna baxmayaraq, orada doğum səviyyəsi bizdəkindən daha aşağıdır”, – Rusiya Prezidenti bildirib.

Qeyd edək ki, Putin daha əvvəl də Rusiyada doğum səviyyəsinin artırılmasının dövlət üçün prioritet olduğunu açıqlayıb.

MənbəMODERN.AZ
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər