ABŞ Baltikyanı ölkələrdə hərbi mövcudluğunu artıracaq.
Bu barədə Pentaqon rəhbəri Lloyd Ostinlə estoniyalı həmkarı Hanno Pevkurun telefon söhbətində bildirilib.
Ostin təsdiqləyib ki, NATO-nun Madrid sammitində əldə edilmiş razılaşmaya uyğun olaraq, Birləşmiş Ştatlar tezliklə Amerika qoşunlarının rotasiyasını artıracaq, Estoniya və digər Baltikyanı ölkələrdə təlimlər keçirəcək.
Pevkur öz növbəsində qeyd edib ki, Estoniya Ukraynanı həm silahla dəstəkləməyə davam edəcək, həm də hərbi kadrların hazırlanmasını gücləndirəcək.
Estoniyalı nazir vurğulayıb ki, bu, Ukraynanın döyüş meydanında təşəbbüsü ələ almaq üçün real imkan qazanacağı yaxın aylarda xüsusilə vacib olacaq.
Qeyd edək ki, bu ilin fevralından Estoniya Ukraynaya 250 milyon avro məbləğində yardım edib ki, bu da ölkənin illik müdafiə büdcəsinin 1/3 hissəsidir. Hökumət tərəfindən sonuncu dəfə avqust ayında təsdiqlənən yardım paketinə silah və əsgər hazırlığı, həmçinin Almaniya ilə birlikdə səhra xəstəxanasının yerləşdirilməsi daxildir. O, yaxın vaxtlarda Ukraynaya gələcək.