8 C
Baku
Monday, December 29, 2025

ABŞ BMT-yə humanitar yardım üçün $2 milyard ayırır

ABŞ beynəlxalq maliyyələşmənin kəskin azalması fonunda Birləşmiş Millətlər Təşkilatınə (BMT) humanitar yardım üçün 2 milyard dollar ayıracağını vəd edib. Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

Vaşinqton vəsaitləri BMT sisteminə yönəldərək humanitar proqramların dəstəklənməsini planlaşdırır. Maliyyənin necə bölüşdürüləcəyi və mümkün əlavə töhfələr hələlik açıqlanmır.

Bu bəyanat 2025-ci ildə ABŞ prezidenti Donald Tramp administrasiyası tərəfindən xarici yardımın əhəmiyyətli dərəcədə azaldılmasından sonra səsləndirilib. Cari ildə ABŞ dəstəyin həcmini kəskin şəkildə azaldıb, Almaniya da daxil olmaqla digər əsas Qərb donorları isə büdcələrini müdafiə xərclərinə yönəldərək maliyyələşməni ixtisar ediblər. Bu da BMT-nin humanitar strukturlarında ciddi maliyyə çatışmazlığına səbəb olub.

Təşkilatın məlumatına görə, 2025-ci ildə ABŞ-nin humanitar yardımı 3,38 milyard dollara düşüb ki, bu da qlobal ümumi həcmin təxminən 14,8%-ni təşkil edir. Müqayisə üçün, 2024-cü ildə ABŞ-nin töhfəsi 14,1 milyard dollar, 2022-ci ildə isə rekord səviyyə olan 17,2 milyard dollar olub.

Daha əvvəl BMT 2026-cı il üçün 87 milyon insana yardım göstərmək məqsədilə 23 milyard dollar məbləğində humanitar çağırış elan etmişdi ki, bu da 2025-ci il üçün tələb olunan məbləğdən demək olar ki, iki dəfə azdır. BMT-nin humanitar proqramlarının rəhbəri Tom Fletçer bildirib ki, vəsait çatışmazlığı səbəbindən təşkilat ən həssas əhali qruplarına yardımın prioritetlərini müəyyənləşdirərkən “çətin seçimlər” etməyə məcbur qalır.

“Reuters”in 8 dekabr tarixli məlumatına görə, BMT-nin humanitar yardımı son on ildə rekord dərəcədə aşağı səviyyəyə düşüb. Təşkilat bildirib ki, 2025-ci ildə cəmi 12 milyard dollar cəlb etmək mümkün olub ki, bu da elan edilmiş ehtiyacın yalnız dörddə birindən bir qədər çoxdur.

3 fevralda Donald Tramp ölkənin BMT İnsan Hüquqları Şurasından çıxmasını və BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə gələcək maliyyələşmənin qadağan olunmasını nəzərdə tutan sərəncam imzalayıb. Ağ Evin sənədində qeyd olunub ki, şura “öz missiyasını yerinə yetirmir və insan hüquqları pozuntuları törədən ölkələr üçün qoruyucu orqan kimi istifadə olunmağa davam edir”.

Son xəbərlər
Digər xəbərlər