Amerikalı məmurlar Çindən idxal olunan məhsullara qarşı tətbiq edilən əlavə gömrük rüsumlarının ləğv edilməsi məsələsini müzakirə edirlər. Tariflərin qismən, yaxud tamamilə ləğvi ilə bağlı təklif isə ABŞ maliyyə naziri Stiven Mnuçindən gəlib.
Bu barədə “The Wall Street Journal” qəzetinin müzakirələrin gedişilə tanış olan mənbəsi bildirib. Onun sözlərinə görə, bu təşəbbüsün məqsədi Çinlə ticarət mübahisələrini yoluna qoymaq naminə aparılan danışıqları stimullaşdırmaq və Pekini daha böyük güzəştlərə təşviq etmək, həmçinin, bazarları sakitləşdirmək məqsədi daşıyır.
Lakin qeyd olunub ki, ABŞ-ın ticarət naziri Robert Laythayzer Mnuçinin bu ideyası ilə razılaşmır. Çünki Laythayzer narahatdır ki, ABŞ tərəfindən istənilən güzəşt zəiflik kimi qəbul edilə bilər.
Mənbə bildirib ki, hazırda Vaşinqtondakı müzakirələrin nəticəsini əvvəlcədən proqnozlaşdırmaq çətindir. Lakin bir məqam dəqiqdir ki, hələ bu müzakirələr başlamazdan əvvəl Çinlə ticarət müharibəsinin nizamlanma metodu məsələsində ABŞ prezidenti Donald Tramp maliyyə naziri Mnuçinin deyil, Laythayzerin tərəfini tutub. Və indi də Tramp aydın şəkildə bildirib ki, Çinlə saziş imzalanmasını və bunu məhz Laythayzerin etməsini istəyir.
Qəzet onu da yazıb ki, ABŞ-la Çin aralarındakı ticarət mübahisələrini martın 1-dək həll etmək niyyətindədirlər.
©azvision.az