15 C
Baku
Friday, March 29, 2024

ABŞ-Çin ticarət müharibəsi dünya iqtisadiyyatında neçəyə başa gələcək?

ABŞ və Çin arasındakı ticarət müharibəsinə səbəb olan siyasi qeyri-müəyyənlik, gələn ilin əvvəlinə qədər dünya iqtisadiyyatının təxminən 850 milyard dollar itirməsinə gətirib çıxara bilər.

Banker.az bu haqda Reuters-ə istinadən məlumat verib.

Bu məlumatlar ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) təhlilinə əsaslanır. Tədqiqatçıların fikrincə, ticarət siyasətindəki qeyri-müəyyənlik, “1970-ci ildən bəri maksimum səviyyəyə çatıb”.

Bu, iqtisadi aktivliyə, o cümlədən istehsal tempinin aşağı düşməsinə və investisiyaların azalmasına gətirib çıxaracaqdır. Tədqiqatçılar bildirirlər ki, qlobal miqyasda bu ÜDM-un 1% -ni təşkil edəcək.

Qiymətləndirmələrə görə, ABŞ-ın ÜDM-u təxminən 20 trilyon dollar, dünyanın ÜDM-u isə 85 trilyon dollar təşkil edir. 1%-lik təsir ABŞ ÜDM-nun 200 milyard dollar, dünya ÜDM-nun isə 850 milyard dollar itirməsinə gətirib çıxaracaqdır.

Xatırladaq ki, ABŞ və Çin arasında davam edən ticarət müharibəsi 2018-ci ildə başlamışdır. Vəziyyət prezident Donald Trampın Çindən idxal olunan mallara yeni ticarət tariflərini tətbiq etdikdən sonra daha da kəskinləşib. Tərəflər dəfələrlə danışıqlar keçirsələr də, heç bir razılığa gələ bilməyiblər.

Sentyabrın 1-dən etibarən ABŞ ümumi dəyəri 300 milyard dollar olan mallara 15%-lik, oktyabrın 1-dən etibarən isə ümumi dəyəri 250 milyard dollar olan mallara 30%-lik tariflər tətbiq edib. Dekabr ayında tariflərin daha da artacağı gözlənilir. 

 

Son xəbərlər
Digər xəbərlər