ABŞ-ın çip istehsalçısı “Micron Technology” Boise Aydahoda 15 milyard dollarlıq yeni çip istehsalı müəssisəsinin təməlini qoyub. Şirkət növbəti on il ərzində qlobal istehsala və “Ar-Ge”yə 150 milyard dollardan çox sərmayə qoymağı hədəfləyir.
Qeyd edək ki, ABŞ hökuməti keçən ayın əvvəlində qüvvəyə minmiş “Çiplər və Elm” Qanunu vasitəsilə texnologiya şirkətlərini yerli çip istehsalına investisiya qoymağa təşviq etməyə başlayıb.
Yerli hökumətlər tərəfindən dəstəklənən “Samsung” və “TSMC” kimi şirkətlər sayəsində Cənubi Koreya və Tayvanda yarımkeçiricilərin istehsalı çox artıb. ABŞ isə son vaxtlar maliyyə narahatlıqlarına görə çox investisiya almayıb.
Banker.az xəbər verir ki, “Micron”un qrafikinə görə, istehsalın 2025-ci ildə tədricən başlaması gözlənilir. ABŞ-ın yaddaş nəhəngi yeni istehsal müəssisəsinə ümumilikdə 15 milyard dollar sərmayə qoymağı planlaşdırır. “Micron” tam miqyaslı istehsala başlayanda müəssisədə 2000 işçi olacağını açıqlayıb. Şirkət, həmçinin, regionda universitet səviyyəsində təhsil proqramlarını dəstəkləmək üçün əlavə resurslar ayıracaq.